Bank Of Baku

Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib

Bişkekdə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib
# 30 aprel 2012 14:11 (UTC +04:00)
Bakı. Anaxanım Hidayətova - APA-Economics. Bu gün Bişkekdə iqtisadi-humanitar əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının ilk iclası keçirilib.

Qırğızıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iclasda iki ölkə arasında ticarət dövriyyəsinin strukturunun diversifikasiyası, investisiya sahəsində əməkdaşlığın, təsərrüfat subyektləri və işgüzar dairələr arasında birbaşa əlaqələrin inkişafı, emal sənayesində birgə müəssisələrin yaradılması üzrə birgə işlərin aparılmasına dair razılıq əldə olunub.

Bundan başqa, tərəflər Qırğızıstanda Azərbaycan Dövlət Neft Şirkətinin iştirakı ilə neft emalı zavodunun tikintisi ilə bağlı danışıqları davam etdirmək, Qırğızıstana xam neft-qaz məhsullarının, mədən avadanlıqlarının və qazma qurğuları üçün ehtiyat hissələrin nəqli, eləcə də neft-qaz sahəsinin dövlət tənzimlənməsi üzrə təcrübə mübadiləsi aparmaq haqqında razılığa gəliblər.

Komissiya iki ölkənin vətəndaşları arasında daha effektli və müntəzəm əlaqələrin qurulması üçün nəqliyyat infrastrukturunun inkişafının zəruriliyini qeyd edib və bununla əlaqədar olaraq Azərbaycanla Qırğızıstan arasında birbaşa hava əlaqəsinin açılması imkanlarının araşdırılmasını tövsiyə edib.

Eyni zamanda humanitar sahədə qarşılıqlı əlaqələrin vacib istiqaməti kimi elm, mədəniyyət, gənclər siyasəti və idman sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün protokol qərarlar qəbul olunub. Qırğızıstan tərəfi Bişkekin mərkəzində Heydər Əliyev Parkının yaradılması ilə bağlı Azərbaycanın təklifini razılıqla qarşılayıb.

İclasın sonunda iqtisadi-humanitar əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının ikinci iclasının 2013-cü ildə Bakıda keçirilməsi barədə razılığa gəlinib. İclasın dəqiq vaxtı diplomatik kanallar vasitəsilə dəqiqləşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR