Azərbaycan Beynəlxalq Bankı “ASAN radio” ilə birgə sahibkarlar üçün yeni maarifləndirici layihəyə start verib.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, birgə layihə çərçivəsində hər həftə “ASAN radio”da canlı olaraq “Sahibkarı tanı” proqramı efirə gedəcək.
Proqramı hər həftənin çərşənbə axşamı, saat 19:05-də “ASAN radio”nun efirində dinləmək, eləcə də Azərbaycan Beynəlxalq Bankının və radionun “Facebook”dakı korporativ səhifələrində canlı izləmək olar.
Verilişin əsas özəlliyi burada sahibkarların da iştirakıdır. Onlar öz biznes hekayələrini danışacaq, real nümunələr əsasında təcrübələrini bölüşəcək, mövcud problemlərin həlli üçün təkliflər irəli sürəcəklər. “Sahibkarı tanı” verilişinə müvafiq sahələr üzrə peşəkar ekspertlər də qonaq qismində cəlb olunacaqlar.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs, xüsusilə kiçik və orta biznes təmsilçiləri burada onları maraqlandıran suallara cavab tapa, əsas bazar trendlərini izləyə biləcəklər. Məqsəd cəmiyyətimizdə biznes savadlılığının dəstəklənməsi, sahibkarların maarifləndirilməsi, onların mövcud biznes imkanları barədə məlumatlandırılmasıdır. “Sahibkarı tanı” verilişini ölkənin biznes dairələrinə yaxşı tanış olan iqtisadçı-jurnalist Əli Əhmədov aparacaq.
“Bank kiçik və orta biznesin inkişafına dəstəyini uğurla davam etdirir. Sahibkarların maarifləndirilməsi istiqamətində də indiyə qədər bir sıra layihələrimiz olub. ASAN Radio ilə bu sahədə birgə işimizin davamı olan “Sahibkarı tanı” proqramı da ümid edirik ki, sahibkarlara fayda verəcək”, - deyə Azərbaycan Beynəlxalq Bankının Baş direktoru Nərgizxanım Biləndərli bildirib.
Bundan əlavə, verilişin aparıcısı Əli Əhmədov isə proqramda sahibkarların iştirakının layihəni daha da maraqlı edəcəyini bildirib: “Proqrama müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarları dəvət edəcəyik. Onların real nümunələr əsasında öz təcrübələrini paylaşmaları dinləyicilərimiz üçün maraqlı olacaq və faydalı təşəbbüslərin ortaya çıxmasına kömək göstərəcək”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının ölkədə 37 filialı və 39 şöbəsi fəaliyyət göstərir.