İşsizlikdən sığorta fondunun 2018-ci il dövlət büdcəsinin icrası nəticəsində yaranmış qalıq vəsaitin – 15 mln. manatın bu il hansı istiqamətdə xərclənəcəyi məlum olub.
APA-nın məlumatına görə, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondu 2019-cu il büdcəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Bu vəsaitin 14 mln. manatı bu il özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. Beləliklə, 2019-cu ildə özünüməşğulluq tədbirlərinin maliyyələşdirilməsinə 56 041,4 min manat xərclənəcək. 1 mln. manat vəsait isə peşə hazırlığı və əlavə təhsilin təşkilinə xərclənəcək. Bununla da bu il ümumilikdə peşə hazırlığı və əlavə təhsilin təşkilinə 2,8 mln. manat vəsait sərf olunacaq.
Layihə Milli Məclisin növbədənkənar sessiyasının plenar sessiyasına tövsiyə edilib.