Paşha Bank
Bank Of Baku

Dublin sammiti Azərbaycanla Avropa arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır - RƏY

Dublin sammiti Azərbaycanla Avropa arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır  - RƏY
# 13 noyabr 2026 14:08 (UTC +04:00)

“Prezident İlham Əliyevin Dublin sammitində iştirakı Azərbaycanla Avropa arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar yaradır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

Deputat Prezident İlham Əliyevin Dublin sammiti çərçivəsində Avropa liderləri ilə keçirdiyi görüşlərin siyasi münasibətlərdə formalaşan etimadın konkret iqtisadi layihələrə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib: “Böyük investisiya qərarları uzunmüddətli etimada əsaslanır və Prezident İlham Əliyevin Avropa liderləri ilə birbaşa dialoqu Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir. Dublin sammitinin gündəliyində rəqabətqabiliyyətli iqtisadiyyat, innovasiya, nəqliyyat bağlantıları və əlçatan enerjinin yer alması Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yaradır. Enerji sahəsində əməkdaşlığın yeni investisiyalarla genişlənməsi, Avropa şirkətlərinin logistika və sənaye layihələrində iştirakı, həmçinin texnologiya və idarəetmə təcrübəsinin ölkəmizə gətirilməsi üçün imkanlar mövcuddur. Azərbaycan Avropa şirkətləri üçün Mərkəzi Asiya bazarlarına çıxış baxımından da cəlbedici tərəfdaş ola bilər”.
Tahir Mirkişili vurğulayıb ki, əsas məqsəd bu əməkdaşlığın ölkə daxilində yeni istehsal sahələrinin, iş yerlərinin və qeyri-neft ixracının yaranmasına töhfə verməsidir.

Azərbaycan Avropanın enerji təhlükəsizliyində rolunu genişləndirə bilər

Deputat Azərbaycanın enerji təhlükəsizliyində rolunun artırılması perspektivlərinə də toxunub. O bildirib ki, Azərbaycan qazının 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzvünə çatdırılması əməkdaşlığın geniş coğrafiyanı əhatə etdiyini göstərir: “Növbəti mərhələdə əsas məsələ tədarükün dayanıqlığını qorumaq, artan tələbatı qarşılamaq üçün hasilat, nəql və satış imkanlarını paralel inkişaf etdirməkdir”.

Tahir Mirkişili bu baxımdan “Şahdəniz” yatağında kompressiya layihəsinin əhəmiyyətini xüsusi qeyd edib. Bildirib ki, layihə yataqdakı ehtiyatlardan daha dolğun istifadə etməyə və hasilatın davamlılığını təmin etməyə yönəlib. Layihə üzrə ilk qazın 2029-cu ildə qəbul edilməsi nəzərdə tutulur.

Deputat əlavə edib ki, Cənub Qaz Dəhlizinin ötürücülük imkanlarının genişləndirilməsi üçün Avropa alıcılarının uzunmüddətli müqavilələri və maliyyə institutlarının iştirakı vacibdir.

O, Azərbaycanın enerji tərəfdaşlığının yaşıl elektrik enerjisi hesabına da genişlənə biləcəyini vurğulayıb. Xəzər-Qara dəniz-Avropa yaşıl enerji dəhlizinin bu baxımdan mühüm perspektivə malik olduğunu bildirib: “Layihənin texniki-iqtisadi əsaslandırılması üzrə nəticələrin beynəlxalq investorlara təqdim olunması maliyyələşmə müzakirələri üçün konkret zəmin yaradır. Bununla belə, icra tempi maliyyələşmə, elektrik enerjisinin alışı və infrastruktur üzrə razılaşmalardan asılı olacaq”.

Orta Dəhliz üzrə Avropa investisiyaları üçün perspektivlər müsbətdir

Tahir Mirkişili nəqliyyat və logistika sahəsində əməkdaşlığın prioritet istiqamətlərindən danışarkən liman, dəmir yolu və Xəzər üzərindən daşımaların imkanlarının uzlaşdırılmasının vacibliyini qeyd edib: “Bakı limanı, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Xəzərdə gəmi daşımaları vahid nəqliyyat zənciri kimi fəaliyyət göstərməlidir. Sərhəd və gömrük prosedurlarının sürətləndirilməsi, elektron sənədləşmənin genişləndirilməsi və tariflərin şəffaflaşdırılması da Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Bu marşrutların kəsişməsində anbar, emal, qablaşdırma və istehsal müəssisələrinin yaradılması ölkəmizə tranzit gəlirindən əlavə qazanc gətirə bilər”.

Tahir Mirkişili Avropa investisiyalarının cəlbi üçün perspektivləri müsbət qiymətləndirib. O, Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycan üzrə strategiyasında Orta Dəhlizlə bağlı dayanıqlı nəqliyyat və rəqəmsal bağlantı layihələrinin prioritetlər sırasında olduğunu xatırladıb.

Deputat əlavə edib ki, investorların cəlbi üçün layihələrin yük bazası, gəlirliliyi və hüquqi şərtləri aydın olmalıdır.

2028-ci il sammiti yeni investisiya layihələri üçün platformaya çevrilə bilər

Tahir Mirkişili Azərbaycanın 2028-ci ildə sammitə ev sahibliyi etməsinin iqtisadi tərəfdaşlıq və yaşıl enerji əməkdaşlığı baxımından əhəmiyyətini də dəyərləndirib.

O bildirib ki, sammitə hazırlıq indidən iqtisadi layihələrin hazırlanması prosesi kimi nəzərdən keçirilməlidir. Onun fikrincə, ilk növbədə Avropa investorları üçün yaşıl enerji, enerji saxlanc sistemləri, elektrik şəbəkələri, logistika, sənaye və rəqəmsal infrastruktur sahələrini əhatə edən hazır layihələr portfeli formalaşdırılmalıdır.

Deputat sammit ərəfəsində biznes və investisiya görüşlərinin təşkilinin də vacibliyini vurğulayıb. Qeyd edib ki, dövlət və hökumət başçıları səviyyəsində yaranan siyasi dəstək şirkətlərin, bankların və investisiya fondlarının danışıqları ilə tamamlanmalıdır.

Onun sözlərinə görə, yaşıl enerji sahəsində istehsal, ötürmə və satış üzrə razılaşmaların bir-biri ilə əlaqələndirilməsi layihələrin maliyyə cəlbediciliyini artıracaq.

“Sammit siyasi dialoq platformasıdır və onun yaratdığı imkandan iqtisadi razılaşmaları sürətləndirmək üçün istifadə etmək mümkündür. Hesab edirəm ki, 2028-ci il sammitinin uzunmüddətli iqtisadi faydası məhz bu istiqamətlərdə özünü göstərəcək”, – deyə Tahir Mirkişili bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR