Dünya Bankı Azərbaycan dövlət müəssisələrinin resurslarının effektiv istifadə olunması və idarəetmədə şəffaflığın artırılmasını dəstəkləyəcək.
“APA-Ecomonics”in məlumatına görə, bunu Azərbaycan Dövlət İqtisad Universitetdə təşkil olunan “Bilik əsaslı iqtisadiyyatda institusional amillər: Dövlət müəssisələrinin korporativ idarə edilməsi” mövzusunda keçirilən 2-ci forum çərçivəsində çıxış edərkən Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Naqvi deyib.
O, mövzunun aktuallığından bəhs edərək, əsas diqqətin dövlət müəssisələrinin ölkə iqtisadiyyatına verdiyi töhfələrə yönəldilməli olduğunu deyib. Xarici və daxili investorların əsasən ölkə iqtisadiyyatında maliyyə vəsaitlərinin idarə olunmasına və dövlət müəssisələrindəki şəffaflığa önəm verildiyindən söz açan N. Naqvi, təşkil olunan müzakirələrin dövlət müəssisələrinin resurslarının effektiv istifadə olunması və idarəetmədə şəffaflığın artırılması istiqamətində tədbirlərin görülməsinə böyük dəstək olacağını qeyd edib.