“Ölkəmizdə əməkhaqqının ümumdaxili məhsulda çəkisi 16-17% təşkil edib, görülmüş tədbirlər nəticəsində 20 faizə çatdırılıb”.
APA-nın məlumatına görə, bunu bu gün bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Ziyad Səmədzadə bildirib.
Z. Səmədzadə deyib ki, pul gəlirlərinin tərkibində də əməkhaqqının çəkisi aşağıdır və bu da bir sıra vacib proporsiyaları düzgün təhlil etməyə imkan vermir: “Sovet sistemində əmək məhsuldarlığı ilə əməkhaqqının artımı arasında konkret əlaqə vardı. Hesablamalar aparılırdı, 1% əmək haqqı artmalıdırsa, demək, əmək məhsuldarlığı ondan çox artmalı idi. Əmək məhsuldarlığının əməkhaqqından çox artması əsas qanunlardandır. Bu gün bu sistemi formalaşdırmaq üçün kifayət qədər baza yoxdur. Təklif edirəm ki, əmək məhsuldarlığını hesablamaq üçün göstəricilər olsun. Sosial sahədə yeni əlavə dəyər yaranmır, xidmət yaranmır. Yaranır, amma biz onu necə edirik? Təhsil işçilərinin əməkhaqqını artırırıq, bu lazımdır, lakin bunun səmərəliliyini necə ölçək? Keyfiyyət, yüksək ballar və nəticə olmalıdır. Texnoparklar, maşınqayırma, dəmir yolları, kənd təsərrüfatı üzrə hesablamaq olar”.