Bank Of Baku

Məhəmməd Safri Həmid: Qlobal sukuk bazarının 36%-ni təmsil edirik

IILM-in baş icraçı direktoru Məhəmməd Safri Həmid

© APA | IILM-in baş icraçı direktoru Məhəmməd Safri Həmid

# 17 iyun 2026 11:07 (UTC +04:00)

Beynəlxalq İslam Likvidlik İdarəetmə Korporasiyası (IILM) hazırda qlobal sukuk bazarının 36%-ni təşkil edir və hər ay təxminən 2,5 milyard ABŞ dolları həcmində sukuk emissiyası həyata keçirir.

APA xəbər verir ki, bunu IILM-in baş icraçı direktoru Məhəmməd Safri Həmid İslam İnkişaf Bankı Qrupunun (IsDB) İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumu 2026-nın plenar müzakirəsində deyib.

Onun sözlərinə görə, islam kapital bazarlarının inkişafı regional inteqrasiyanın əsas şərtlərindən biridir.

“Regional inteqrasiya təkcə infrastrukturun, nəqliyyat dəhlizlərinin və ya ticarətin inkişafı demək deyil. Bütün bunların davamlı olması üçün səmərəli və güclü kapital bazarları vacibdir”, – o bildirib.

Safri Həmid qeyd edib ki, bir çox IsDB üzv ölkələrində kifayət qədər maliyyə resursları və likvidlik mövcuddur, lakin bu vəsaitlər əsasən daxili bazarlarda parçalanmış vəziyyətdə qalır.

“Dərin və likvid islam kapital bazarları investorların etimadını artırır, maliyyələşmə xərclərini azaldır və yeni investisiyaların cəlb olunmasına şərait yaradır”, – o vurğulayıb.

IILM rəhbəri bildirib ki, qurum son 13 ildə islam banklarını yüksək keyfiyyətli likvid aktivlərlə təmin edir: “Hər ay təxminən 2,5 milyard ABŞ dolları həcmində sukuk emissiyası həyata keçiririk. Hazırda dünyanın ən böyük sukuk emitentiyik və bazarın təxminən 36%-ni təmsil edirik”.

O əlavə edib ki, 2026-cı ilin fevral-aprel aylarında qlobal sukuk bazarında fəaliyyət demək olar ki, dayanmışdı: “Bazar faktiki olaraq bağlanmışdı. Həmin dövrdə bazarda emissiya həyata keçirən yeganə qurum IILM idi. Biz islam banklarının likvidlik ehtiyaclarını qarşılamaq üçün sukuk emissiyalarını davam etdirdik”.

M. Safri Həmidin sözlərinə görə, uğurlu regional inteqrasiya artıq təkcə iqtisadiyyatların deyil, kapitalın və likvidliyin birləşdirilməsini tələb edir: “Dərin, likvid və qarşılıqlı əlaqəli islam kapital bazarları ölkələrin və regionların inkişaf hədəflərini investisiya cəlbediciliyi olan real layihələrə çevirmək üçün zəruri maliyyə infrastrukturunu formalaşdırır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR