Azərbaycanın Naxçıvanla birləşdirilməsi və bu layihənin Zəngəzur dəhlizi kimi tanınması beynəlxalq səviyyədə isə TRIP (Transport Route for International Peace and Prosperity) adlandırılması yalnız Azərbaycan ixracı üçün deyil, həm də Orta Dəhlizin səmərəliliyinin artırılması, Mərkəzi Asiya ölkələri, Çin, Türkiyə və Avropa arasında bağlantının gücləndirilməsi baxımından vacibdir.
"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan dialoqda bildirib.
Onun sözlərinə görə, buna görə də azad edilmiş ərazilərdə yaradılan iki sənaye zonasından biri məhz nəqliyyat və logistika sahəsinə yönəlib:
"Kənd təsərrüfatı və turizm də ənənəvi sahələr kimi inkişaf etdirilir. Bununla yanaşı, sənayeləşmə də mühüm istiqamətdir. Məsələn, Ağdam Sənaye Parkı hələ gənc olmasına baxmayaraq, ölkə üzrə rezidentlərin sayına görə artıq ikinci yerdədir. Nəticə etibarilə, dövlət investisiyalarının davam etməsi və eyni zamanda özəl sektorun, o cümlədən, xarici investorların marağının artması birlikdə davam etdirilmək istənilən əsas kombinasiyadır".