“AccessBank” 15 mln. dollar kredit cəlb edib

“AccessBank” 15 mln. dollar kredit cəlb edib
# 24 iyul 2014 12:57 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “The Green for Growth Fund” (GGF) “AccessBank”a 15 mln. dollar məbləğində kredit ayırıb. Cəlb olunan vəsait sayəsində bank enerji səmərəlilik layihələrinin maliyyələşdirməsini artıracaq və bu sahədə həyata keçirdiyi fəaliyyətini daha da genişləndirəcək.

Bu barədə “APA-Economics”ə “AccessBank”dan məlumat verilib. Bankın kiçik və orta biznes kreditləri və korporativ xidmətlər üzrə icraçı direktoru Kənan Ağayev bu razılaşmanı şərh edərək bildirib ki, mikro, kiçik və orta ölçülü müəssisələrin istifadə etdiyi avadanlıqların və mexanizmlərin təkmilləşdirilməsinə maliyyə dəstəyi ayırmaq üçün yeni imkanlar var.

“AccessBank” Azərbaycan üzrə orta və kiçik biznes nümayəndələrinə xidmət göstərən geniş filial şəbəkəsinə malikdir. Sözügedən investisiya nəticəsində enerjiyə illik qənaətin 43,500 MV səviyyəsinə çatdırılacağı, karbon qazı tullantıları miqdarının isə 21,000 tondan çox azalacağı gözlənilir.

“Mikro, kiçik və orta ölçülü biznesin maliyyələşdirilməsi üzrə bazarda lider hesab edilən bank ilə Azərbaycanda iş birliyi qurmaqdan çox məmnunuq. “AccessBank”ın bu sahəyə yönəlməsinə görə sözügedən investisiya qısa zaman ərzində ölkədə olan enerji istehlakına təsir edəcək”-deyə GGF-nin cənub-şərqi Avropa bölməsinin sədri Kristofer Noules qeyd edib.

GGF dövlət və özəl qurumlara məxsus ortaq bir Avropa fondu qismində fəaliyyət göstərir. Fond Cənubi Avropa və Şərqi Avropa Qonşuluğu regionunda enerji səmərəliliyin təmin olunması və bərpa edilən enerji istifadəsinin stimullaşdırması sahəsində çalışır.

GGF maliyyələşdirmə ilə bərabər enerji səmərəliliyin ölçülməsi üçün Texniki Yardım Xidməti vasitəsilə dəstək göstərir.

Qeyd edək ki, “AccessBank” 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, “LFS Financial Systems GmbH” adlı Alman konsaltinq şirkəti və “AccessHoldinq” tərəfindən yaradılıb. “AccessBank” mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan bankda 2000-dən artıq əməkdaş çalışır.

FitchRatings agentliyi “AceessBank”ı Azərbaycan bankları arasında ən yüksək kredit reytingi hesab edilən BB+ dərəcəsi ilə qiymətləndirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR