Bakı. Pərviz Nuriyev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) özəl sektorun inkişafına dəstək vermək üçün Azərbaycanda aparıcı özəl banklardan biri olan “Dəmirbank”a 42 mln. dollar məbləğində sindikatlaşdırılmış kredit ayırır.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, AYİB sindikasiya nəticəsində kommersiya banklarından 29 mln. dollar cəlb edib və məbləğin qalan hissəsi isə AYİB-dan daxil olacaq. Maliyyə Azərbaycana yeni beynəlxalq investorların cəlb edilməsinə yönəlib.
Sindikata qatılan 11 kommersiya banklının əksəriyyəti “Dəmirbank” üçün yeni tərəfdaşlardır. Bankların bir qismi sindikatlaşdırılmış kredit bazarında nadir hal olaraq investisiyaların ödəmə müddətini uzadıb, digərləri isə maliyyə institutlarına ənənəvi təklif olunandan daha uzun ödəmə müddəti təklif edib.
AYİB-in Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri Nil MakKeyn qeyd edib: ““Dəmirbank” üçün ayrılan iki kreditlə cari ildə Azərbaycana yatırdığımız sərmayələrin həcmini 255 mln. dollar çatdırdıq ki, bu da 2013-cü il ərzində yatırılan toplam sərmayələrdən daha çoxdur. Biz ölkə iqtisadiyyatının müxtəlif sektorlarına sərmaya yatırırıq: mikro, kiçik və orta və iri müəssisələrdən başlayaraq böyük infrastruktur layihələrinə kimi və özəl sektorun daha da güclənməsini dəstəkləmək üçün “Dəmirbank” ilə əməkdaşlığımızdan çox məmnunuq.”
“Dəmirbank”ın İdarə Heyətinin sədr müavini Rauf Axundov isə bunları söyləyib: "Sindikatlaşdırılmış kredit bankın maliyyə mənbələrinin diversifikasiyası üçün böyük dəstək olur, KOM-lara uzun müddətli və ucuz maliyyələşmə imkanı yaradır və tərəfdaşlar tərəfindən “DəmirBank”a olan etimadı daha da artırmağa yardım edir."
Qeyd edək ki, AYİB Azərbaycanın müstəqilliyinin ilk illərindən ölkədə fəalliyyət göstrərir. Bu günə gədər Bank Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarında olan 146 investisiya layihəsinə ümumilikdə 2,5 mlrd. dollar yatırıb. Azərbaycanda AYİB-in prioritetlərindən biri dinamik kiçik və orta müəssisələrə investisiya yatırmaqla qeyri-neft sahəsində özəl sektorun artımına dəstək verməkdir.