Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 25,2% artaraq 2014-ci il iyulun 1-nə 8,04 mlrd. manata çatıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın kredit portfeli illik müqayisədə 23,4% artaraq 2014-ci il iyulun 1-nə 5,522 mlrd. manat olub. Fiziki şəxslərə verilmiş kreditlər 588,6 mln. manat təşkil edib.
Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,543 mlrd. manata bərabər olub ki, bu da 2013 ilin iyulun 1-nə nisbətən 4,1% çoxdur.
Bankın məcmu kapitalı il ərzində 29,2% artaraq 989,1 mln. manat olub. ABB-nin nizamnamə kapitalının həcmi 563,3 mln. manata çatdırılıb. Hesabat dövründə bankın gəlirləri 330,2 mln. manat təşkil edib. ABB-nın xalis mənfəəti 2014-cü il iyulun 1-nə 29,7 mln. manat olub.
Bu ilin iyulun 1-nə ABB-nin 2 035 532 aktiv plastik kartı olub. Hazırda kartların xidməti üzrə şəbəkə 709 bankomat və 7399 POS-terminaldan ibarətdir.