Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Lora Takın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə əməkdaşlıq çərçivəsində görülmüş işlər, həyata keçirilmiş layihələr, həmçinin DB-nin texniki və maliyyə dəstəyinin uğurlu nəticələri cari il üzrə ən son makroiqtisadi inkişaf, bank nəzarətinin gücləndirilməsinə dair ən son prudensial tədbirlər, 2015-ci ilin əvvəllərində həyata keçiriləcək Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramına (FSAP) hazırlıqlar və bank sektorunda davam etməkdə olan kapitallaşdırma və konsolidasiya prosesləri də daxil olmaqla bank sisteminə dair məsələlər müzakirə edilib.
Görüşdə E.Rüstəmov ölkədə makroiqtisadi sabitlik, iqtisadi artım, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici iqtisadi mövqeyi, Mərkəzi Bankın pul siyasəti, bank sektorunun inkişafı, bankların kapitallaşması kimi məsələlər barədə ətraflı məlumat verib.
Cari ildə və orta müddətli perspektivdə iqtisadi artım və qiymət sabitliyi hədəfləri arasında pul siyasətinin effektiv şəkildə tarazlaşdırılacağını deyən E.Rüstəmov həmçinin “kontr-tsiklik bank nəzarəti” çərçivəsinin formalaşması, maliyyə sektorunun hərarətinin tənzimlənməsi, banklarda aktivlərin artım hədəfləri ilə dayanıqlıq hədəfləri arasında optimal tarazlığın təmin olunması məsələlərini xüsusi qeyd edib.
Görüşdə qeyd olunub ki, ölkədə iqtisadi artım davam edir və bu artım qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub. Son 10 ildə ölkə iqtisadiyyatı 3.4 dəfə artıb ki, bu da ölkə tarixində ən yüksək göstəricidir. Əldə olunan inkişaf uğurlarının ölkənin beynəlxalq iqtisadi imicini daim yaxşılaşdırdığını söyləyən E.Rüstəmov beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın iqtisadi inkişafına dair açıqlanan hesabatlara toxunub və bildirib ki, təsadüfi deyil ki, “Doing Business - 2015” hesabatına əsasən Azərbaycanın 8 pillə irəliləyərək 80-ci yerdə, “Qlobal Rəqabətlilik Hesabatı” üzrə isə 1 pillə irəliləyərək 38-ci yerdə qərarlaşıb.
DB-nin nümayəndə heyətinin rəhbəri ölkənin sürətli iqtisadi inkişaf dinamikasını, həyata keçirilən sosial-iqtisadi islahatları, həmçinin irimiqyaslı infrastruktur layihələrini yüksək qiymətləndirərək gələcəkdə Azərbaycan ilə əməkdaşlığın DB-nin yeni strategiyası çərçivəsində seçim yönümlü yeni model - Ölkə Tərəfdaşlıq Çərçivəsi (ÖTÇ) vasitəsilə gücləndiriləcəyini bildirib. L.Tak DB tərəfindən aparılmış Azərbaycan üzrə Sistematik Ölkə Diaqnostikası barədə məlumat verərək, diaqnostikanın nəticələri əsasında yeni ÖTÇ-nin hazırlanacağını söyləyib.
Görüşdə həmçinin, Azərbaycan hökuməti ilə DB arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektvləri, biznes sektorunun, xüsusilə kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolu, prioritet sahələr üzrə texniki yardım istiqamətləri kimi məsələlər də müzakirə olunub.