Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin avqust ayının 1-nə Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 66,7 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9% və ya 6,6 mln. manat azdır.
“APA-Economics”in Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu ilin yanvar-iyul aylarında AİF 68,6 mln. manat məbləğində krediti təkrar maliyyələşdirib.
Əvvəlki aydan fərqli olaraq ötən iyulda fondun istiqrazı yerləşdirilməyib.
AİF-in ipoteka portfeli üzrə göstəricilərə gəlincə, bu ilin avqustun 1-nə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 39 944 manat, orta müddəti 278 ay, orta faiz dərəcəsi 6,82%, aylıq ödəniş isə 318,7 manat təşkil edib.
Müqayisə üçün bildirək ki, ötən ilin müvafiq dövründə müvəkkil kredit təşkilatları tərəfindən verilən kreditlərin orta məbləği 42 567 manat, orta müddəti 287 ay, orta faiz dərəcəsi 6,36%, aylıq ödəniş isə 301,5 manat təşkil edib.