Bakı. Pərviz Nuriyev - APA-Economics. Cari ilin yanvar-iyun aylarında sığorta növləri arasında ən ciddi artım həyatın ölüm halında sığortasında qeydə alınıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, bu növ sığorta üzrə yığımlar 3,55 dəfə artaraq 8 mln. manatı keçib. Artımın dinamikasına görə 2-ci yeri isə mülki-hüquqi müqavilə üzrə mülki məsuliyyətin sığortası tutub. Bu sığorta növü üzrə toplanan sığorta haqqı 2,2 dəfə artaraq 395 min manata çatıb.
Həyatın yaşam sığortası üzrə yığımlar 75% artaraq 29 mln. manat, tibbi sığorta üzrə yığımlar 5,4% artaraq 42,6 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 7,1% artaraq 18,9 mln. manat, daşınmaz əmlakın icbari sığortası 29% artaraq 8,5 mln. manat, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası 25% artaraq 222 min manat, sərnişinlərin icbari fərdi qəza sığortası 22,7% artaraq 83,7 min manat təşkil edib.
İlin I yarısında sığorta növləri arasında ən ciddi azalma pul və pul sənədlərinin saxtalaşdırılmasından sığortada qeydə alınıb. Bu növ sığorta üzrə yığımlar 100% azalıb. Azalmanın dinamikasına görə 2-ci yeri isə yük daşıyanın mülki məsuliyyətinin sığortası tutub. Bu sığorta növü üzrə yığımlar 6,65 dəfə azalaraq 935 manata düşüb.
Sağalmaz xəstəliklərdən sığorta üzrə yığımlar 22,7% azalaraq 85 min manat, əmlakın yanğından və digər risklərdən sığortası 5% azalaq 16,9 min manat, kasko sığorta 35%-ə yaxın azalaraq 17,3 mln. manat, su nəqliyyat vasitələrinin sığortası 3 dəfədən çox azalaraq 290 min manat, kreditlərin sığortası 3,55 dəfə azalaraq 15100 manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 7%-dən çox azalaraq 30,1 mln. manat təşkil edib.
Sığorta ödənişlərinə gəlincə, ən çox artım su nəqliyyat vasitələrinin sığortasında qeydə alınıb. Bu növ sığorta üzrə ödənişlər 180 dəfədən çox artaraq 94 min manata çatıb. Ödənişin dinamikasına 2-ci yeri həyatın ölüm halından sığortası tutub. Bu sığorta növü üzrə ödənişlər 2,96 dəfə artaraq 411 min manat olub.
Həyatın yaşam sığortası üzrə ödənişlər 60%-ə yaxın artaraq 19,3 mln. manat, tibbi sığorta üzrə ödənişlər 5% artaraq 23 mln. manat, əmlakın yanğından və digər risklərdən sığortası 2,88 dəfə artaraq 5,8 mln. manat, kasko sığortası 6,5% artaraq 13,2 mln. manat, istehsalatda bədbəxt hadisələrdən sığorta 80% artaraq 11,4 mln. manat, daşınmaz əmlakın icbari sığortası 21% artaraq 1 mln. manat, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası 14,3% artaraq 13,2 mln. manat təşkil edib. Sığorta ödənişləri üzrə ən çox azalma isə yanğından icbari sığortada qeydə alınıb. Bu sığorta növü üzrə ödənişlər 100% azalıb.