Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin avqustun 1-nə 17 034,0 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 834,7 mln. manat və ya 19,96% artıb. O cümlədən, bu ilin yanvarı ilə müqayisədə kredit qoyuluşlarının həcmi 1 549,4 mln. manat və ya 10% artıb.
Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcm yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 986,1 mln. manat və ya ümumi həcminin 41%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 558,7 mln. manat və ya 28,7% artıb.
Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.
Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 14,4%-lik payla “Ticarət və xidmət”, 13,6%-lik payla “İnşaat və əmlak”, 11,7%-lik payla sənaye və istehsal, 4,5%-lik payla kənd təsərrüfatı və emal, 3,4%-lik payla nəqliyyat və rabitə, 1,3%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.
Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqustun 1-nə 900,1 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 123,5 mln. manat və ya 15,9% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,5%-dən 5,3%-dək enib.