Bakı. Musa Əhmədov – APA-Economics. Bu ilin I yarısında Azərbaycanın korporativ qiymətli kağızlar bazarında həm əqdlərin sayında, həm də əməliyyatların həcmində yüksək templi artım müşahidə olunub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə hesabat dövründə korporativ qiymətli kağızlar bazarında əqdlərin sayı 24%, həcmi isə 3,1 dəfə artaraq 2 mlrd. manat təşkil edib.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) “APA –Economics”ə verilən məlumata görə, ümumilikdə, 2014-cü ilin birinci yarımilliyi ərzində korporativ qiymətli kağızlar sektorunun həcmi 2013-cü ilin yekun həcmini 12,3% üstələyib.
2014-cü ilin ilk 6 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə korporativ qiymətli kağızlar bazarının səhm seqmentində ticarətin həcmi 2,7 dəfə artaraq 748,9 mln. manat təşkil edib. Real sektor təmsilçilərinin və xüsusi olaraq bankların səhm bazarı vasitəsilə aktiv maliyyələşməsi səhmlərin ilkin bazarını ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 dəfə artıraraq 732,7 mln. manata çatdırıb.