Bank Of Baku

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında DSMF-nin 2015-ci il üçün büdcəsi müzakirə olunur

Milli Məclisin Sosial siyasət komitəsinin iclasında DSMF-nin 2015-ci il üçün büdcəsi müzakirə olunur
# 07 noyabr 2014 08:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisin Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2015-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri müzakirə olunub.

 

APA-Economics”in xəbərinə görə, DSMF-nin sədri Elman Mehdiyev qeyd edib ki, fondun 2015-cü ildəki gəlirləri 3,056 mlrd. manat həcmində proqnozlaşdırılır.

 

Bu, 2014-cü il ilə müqayisədə 127,8 mln. manat və ya 4,4% çoxdur.

 

Onun sözlərinə görə, gəlirlərin 63,8%-ni və ya 1,950 mlrd. manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcək. Bu da 2014-cü ilin proqnozuna nisbətən 9,5% və ya 169,8 mln. manata çoxdur.

 

DSMF sədri bildirib ki, gələn ilki proqnozlara əsasən daxiolmaların 64,2%-ni və ya 1,251 mlrd. qeyri-büdcə təşkilatlarının payına düşəcək. Bu da 2014-cü il ilə müqayisədə 11,7% və ya 131,3 mln. manat çoxdur.

 

Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödənilən sosial sığorta haqları 698,9 mln. manat təşkil edəcək. “Gözlənilən sair daxiolmalar 6,1 mln. manat təşkil edəcək”, - deyə E. Mehdiyev qeyd edib.

 

İcmal büdcənin tərkib hissəsi olan DSMF-nin büdcəsinin xərcləri 3 056,3 mln. manat proqnozlaşdırılır ki, bu da 2014-cü illə müqayisədə 127,8 mln. manat və ya 4,4% çox, 2013-cü ilin faktiki icra göstəriciləri ilə müqayisədə 468 mln. manat və ya 18,1% çoxdur.

 

2015-ci ildə dövlət büdcəsindən ayırmalar yəni, transfertin proqnozu 1,100 mlrd. manat nəzərdə tutulur ki, bu da 2014-cü ilin göstəricisinə nisbətən 3,7% və ya 42 mln. manat azdır.   

 

Növbəti ildə əhaliyə ödənişlər fondun xərclərinin 97,8%-ni təşkil edəcək və ya məbləğ ifadəsi ilə 2 mlrd. 989,2 mln. manat olacaq. Əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 2 mlrd. 910,5 mln. manat olmaqla, 2014-cü ilə nisbətən 4,4% və ya 121,9 mln. manat çoxdur.

 

Əmək pensiyalarının baza hissəsinin və ona əlavələrin maliyyələşdirilməsi üçün ümumilikdə 1 mlrd. 536,5 mln. manat, o cümlədən 1 mlrd. 491,8 mln. manat baza hissəsi, 44,7 mln. manat isə baza hissəsinə əlavələrin ödənişi üçün nəzərdə tutulub.

 

2015-ci ildə əmək pensiyalarının sığorta hissəsi 1 mlrd. 374 mln. manat məbləğində proqnozlaşdırılır. 2014-cü ilə nisbətən bu göstərici 8,2% və ya 103,9 mln. manat çoxdur.

 

Növbəti ildə əmək pensiyalarının sığorta hissəsinin  istehlak qiyməti indeksi səviyyəsinə uyğun indeksləşdirilməsi proqnozların tərtibində nəzərə alınıb və bu məqsələ 20,7 mln. manat məbləğində vəsait sərf olunacağı nəzərdə tutulub.   

 

2015-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 78,6 mln. manat nəzərdə tutulur. Bu da 2014-cü ilə nisbətən 7,5% və ya 5,5 mln. manat çoxdur. Digər xərclər 67,1 mln. manat məbləğində proqnozlaşdırılıb.

 

"Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üçün xidmət xərci 20,1 mln manat, sığortaolunanların  sanatoriya və kurort müalicəsi və sağlamlaşdırma tədbirləri üçün həmkarlar ittifaqı xəttilə 19 mln. manat, DSMF-nin aparatı və onun yerli orqanlarının saxlanması xərclərinin proqnozu 26,2 mln. manat  nəzərdə tutulub. Həmçinin, 2015-ci ildə beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri 40 min manat, “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair dövlət proqramı”nın icrası ilə bağlı 1,5 mln. manat məbləğində vəsait layihədə nəzərə alınıb", - deyə E.Mehdiyev bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR