Rusiyanın gecə saatlarında Ukraynanın bir sıra vilayətlərinə endirdiyi raket və dron zərbələri nəticəsində azı 8 nəfər həlak olub.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Dnepropetrovsk vilayətinin Radiuşne yaşayış məntəqəsində ballistik raketin yaşayış evinə düşməsi nəticəsində bir ailənin beş üzvü – valideynlər və üç uşaq həlak olub. Dağıntılar altından daha iki uşaq sağ çıxarılıb.
Zelenski qeyd edib ki, Lvov şəhərində də yaşayış binasına raket zərbəsindən sonra axtarış-xilasetmə işləri davam edir. Onun sözlərinə görə, hazırda ölkə üzrə ölənlərin sayı azı 8 nəfərdir.
Prezident bildirib ki, hücumlar Kiyev və Kiyev vilayəti ilə yanaşı, Dnepropetrovsk, Lvov, Poltava, Xarkov, Nikolayev, Sumı, Vinnitsa, Çerkası və İvano-Frankovsk vilayətlərini də əhatə edib.
Zelenskinin sözlərinə görə, hücum zamanı 70-dən çox raket, o cümlədən xeyli sayda ballistik raket, həmçinin 280-dən çox zərbə tipli pilotsuz uçuş aparatından istifadə olunub.
Prezident qeyd edib ki, zərbələr nəticəsində çoxsaylı yaşayış evləri, mülki müəssisələr və infrastruktur obyektləri dağılıb və ya zədələnib.