ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper ABŞ Prezidenti Donald Trampa İrana qarşı 10-14 gün davam edə biləcək genişmiqyaslı hava əməliyyatı planı təqdim edib.
APA xəbər verir ki, bu barədə "The Wall Street Journal" administrasiyadakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, plan İranın raket potensialını ciddi şəkildə zəiflətməyə yönəlmiş intensiv hava zərbələrini nəzərdə tutur. Mənbələrin bildirdiyinə görə, Tramp İranın ABŞ qüvvələrinə son raket hücumuna cavab olaraq hərbi əməliyyatların miqyasını müəyyənləşdirir və qarşısında iki əsas seçim var: Kuperin təklif etdiyi geniş hava kampaniyasını təsdiqləmək və ya diplomatik həll imkanlarını qorumaq üçün daha məhdud zərbələrlə kifayətlənmək.
Nəşr yazır ki, CENTCOM artıq çərşənbə gecəsi İran ərazisində İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqəli onlarla obyektə, o cümlədən komanda məntəqələrinə, raket və pilotsuz uçuş aparatları infrastrukturuna zərbələr endirib. Komandanlıq bunu İranın ABŞ qüvvələrinə raket hücumuna "güclü cavab" adlandırıb.
Qeyd olunur ki, admiral Kuper hesab edir ki, İranın raket imkanlarını genişmiqyaslı hava hücumları ilə əhəmiyyətli dərəcədə məhdudlaşdırmaq ABŞ bazalarına və müttəfiqlərinə qarşı gələcək hücumların qarşısını almağa kömək edəcək.
Bununla yanaşı, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn daha ehtiyatlı mövqe tutur. O, administrasiyanı ABŞ-ın hava hücumundan müdafiə raket ehtiyatlarının azalması və bunun digər regionlarda təhlükəsizlik riskləri yarada biləcəyi barədə xəbərdar edib.
Məqalədə bildirilir ki, ABŞ administrasiyası daxilində İrana qarşı mümkün yeni genişmiqyaslı əməliyyatlarla bağlı müzakirələr davam edir. ABŞ Konqresində isə bəzi siyasətçilər belə bir kampaniyanın Vaşinqtonu uzunmüddətli və nəticəsi qeyri-müəyyən müharibəyə sürükləyə biləcəyi barədə narahatlıqlarını ifadə edirlər.