Bakı. Türbət Bağırova - APA. Rusiya və Qazaxıstan prezidentləri “Terrorizm əleyhinə İslam” forumunun yaradılması ideyası ilə çıxış ediblər.
APA-nın “kazinform.kz” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi ikitərəfli görüşün yekunlarını şərh edərkən deyib.
Qazaxıstan prezidenti bildirib ki, görüş zamanı beynəlxalq məsələlər, qlobal və regional təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi, Mərkəzi Asiya regionunda sabitlik və təhlükəsizliyin qorunması müzakirə olunub.
Eyni zamanda Əfqanıstan, Suriya və İraqdakı vəziyyət barədə fikri mübadiləsi aparılıb.
“Suriyada baş verənlər xüsusən Mərkəzi Asiya regionu üçün təhdiddir. Artıq Türkmənistan sərhədində baş verən insidentlərlə bağlı məlumatlıyıq. Bununla əlaqədar “Terrorizm əleyhinə İslam” forumunun yaradılması ideyasını təklif edirik”, - deyə N. Nazarbayev vurğulayıb.
Qazaxıstan prezidentinin sözlərinə görə, Qazaxıstan və Rusiya dünyada baş verən hadisələrə ortaq mövqedən yanaşırlar.