Moskva. Fərid Əkbərov – APA. Rusiya yeni pilotsuz qırıcı təyyarə istehsal edəcək. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın hərbi təyyarə istehsal edən “Suxoy” şirkəti layihənin gerçəkləşdirilməsi üçün qısa bir zamanda çalışmalara başlayacaq.
Şirkətin baş direktoru, Rusiya Birləşmiş Aviasiya Korporasiyasının prezidenti Mixail Poqosyan yeni pilotsuz qırıcı təyyarə istehsal edəcəklərini bildirib: “Kəşfiyyat və hücum məqsədli olacaq bu pilotsuz təyyarənin istehsalı üçün artıq hazırlıq işləri görülüb”.
Qeyd edək ki, Rusiya Birləşmiş Aviasiya Korporasiyası 2006-cı ildə Rusiya prezidenti Vladimir Putinin təlimatı ilə yaradılıb. O, “Suxoy” və “İrkut” kimi bir çox hərbi strateji məhsul istehsal edən şirkətləri özündə birləşdirir.