Moskva. Fərid Əkbərov – APA. Rusiya prezidenti Vladimir Putinin namizədliyinin Nobel sülh mükafatına təqdim olunması təklif edilib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiyanın ictimai xadimləri və Dövlət Dumasının deputatları bu təkliflə çıxış ediblər.
“Bu, bizim təşəbbüsümüzdür. İl başa çatmaq üzrədir və şübhəsiz ki, 2013-cü ilin adamı Vladimir Putindir”, - deyə Xalqların Hüquqlarının Müdafiəsi üzrə Beynəlxalq Hərəkatın koordinatoru Beslan Kobaxiya bildirib. O deyib ki, təşəbbüs qrupu təklifi Vladimir Putinlə razılaşdırmayıb: “Bu, ictimaiyyət nümayəndələrinin qərarıdır”.
Dövlət Dumasının deputatı, tanınmış sənətçi İosif Kobzon da Vladimir Putinin sülh nominasiyası üzrə Nobel mükafatına təqdim olunması imkanının olduğunu söyləyib: “Bu mükafat Barak Obamaya da verilib, hansı ki, o, Suriyaya hərbi müdaxiləyə hazırlaşır. Lakin Rusiya lideri Suriyada müharibəni dayandırmağa çalışır və bu mükafatı almağa daha çox layiqdir”.
İ. Kobzon qeyd edib ki, təşəbbüs qrupu V. Putinə müraciət etmədən bu addımı atıb: “Hesab edirəm ki, prezident Putin təvazökarlığından çətin ki, bu təklifi şərh etsin”.