APA-nın Rusiya bürosunun məlumatına görə, Tula şəhərində yerləşən “Konstruktorskoe Büro Priborostroenie” (KBP) fabrikinin direktor muavini Vyaçeslav Truxaçev silahlı basqın nəticəsində öldürülüb.
Rusiya Təhqiqat Komitəsindən veilən açıqlamada Truxaçevin dünən axşam saatlarında işdən çıxarkən killer tərəfindən öldürüldüyü bildirilib. Killer V. Truxaçevi baş nahiyəsinə atəş açıb. Təhqiqat Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin cinayətin üstünün açılması üçün Moskvadan Tulaya əməliyyat qrupu göndərildiyini söyləyib.
Qeyd edək ki, Tula şəhərindəki “Konstruktorskoe Büro Priborostroenie” fabriki bir müddət öncə Suriyaya gedən təyyarənin Türkiyədə məcburi endirilməsi zamanı gündəmə gəlib. Türkiyə tərəfi bu fabrikdə istehsal edilən hərbi ləvazimatın Suriyaya sivil təyyarə ilə göndərilməsinə müdaxilə edib və hərbi ləvazimatları müsadirə edib.