İtaliyalı ekspert: “İmarət” Kompleksində dağıntılar çox olduğundan bərpa işləri iki mərhələdə aparılacaq

İtaliyalı ekspert: “İmarət” Kompleksində dağıntılar çox olduğundan bərpa işləri iki mərhələdə aparılacaq
# 17 yanvar 2024 13:52 (UTC +04:00)

“Bu, Ağdamın azad edilməsindən sonra bizim burada gördüyümüz işlərdən biridir. Biz şəhərin yenidən qurulmasında, xüsusilə də abidələrin bərpası sahəsində iştirak edirik”.

Bunu italiyalı mədəniyyət üzrə beynəlxalq ekspert Alesandro Biançi Ağdamın işğalı dövründə erməni vandallığı nəticəsində dağıntılara məruz qalmış “İmarət” Kompleksində görüləcək işlərlə bağlı APA-ya danışarkən deyib.

Beynəlxalq ekspert ermənilərin işğal dövründə inək və donuz saxlamaq üçün istifadə etdiyi abidənin güclü dağıntılara məruz qaldığını qeyd edib:

“Mən uzun illər İtaliyanın mədəniyyət nazirliyinin rəsmisi, restavrasiya üzrə eksperti olmuşam. Biz indi 18-ci əsrin ortalarına aid olan və xanlığın tarixinin əvvəllərində ailə məzarlığı funksiyası görmüş Pənahəli xan Kompleksini ziyarət edirik. Bu kompleks sonralar yerli məzarlıq kimi istifadə edilmişdi. 1953-cü ildə yerli rəhbərlik buranın ictimai məzarlıq kimi istifadəsini qadağan etdi, çünki bu xanlığa və xanlıq ailəsinə həsr edilmiş abidə idi”.

Ekspert vurğulayıb ki, işğaldan sonra ermənilər “İmarət” Kompleksini inək və donuz saxlamaq tövlə kimi istifadə ediblər və bütün məzarlığı dağıdıblar: “Biz azad edilməsindən dərhal sonra bura gəldiyimiz zaman dağıdılmış, murdarlanmış, pis məqsədlərlə istifadə edilmiş abidələri aşkarladıq. Bu abidənin bərpası ölkənin və yerli xalqın kollektiv yaddaşı üçün vacib məsələdir, həmçinin dini həssaslıq tələb edir”.

Alesandro Biançi qeyd edib ki, abidənin restavrasiya planı ötən il tərtib edilərək Mədəniyyət Nazirliyinə təqdim edilib. O, dağıntıların genişmiqyaslı olması səbəbi ilə işlərin iki mərhələdə aparılacağını əlavə edib:

“İlk hissəni binanın fiziki restavrasiyası təşkil edir. Kompleks iki əsas binadan, 5 türbədən ibarətdir. Ehtimal ki, əsas binada xanlığın ailə üzvləri dəfn edilib. İşlərin ikinci hissəsi isə tamamilə dağıdılmış məzarlığın bərpasıdır. Məzarların əksəriyyətinin daşları çıxarılıb, qəbirlərin əksəriyyəti dağıdılıb, ona görə də məzarla bağlı məlumatları itirmişik. Beləliklə vəziyyətin bərpası böyük problemdir”.

Ekspert qeyd edib ki, məzarların yerlərinin müəyyənləşdirilməsi məqsədilə arxeoloji işlərə başlanılıb və artıq bu istiqamətdə vacib tapıntılar əldə edilib.

Səid Babazadə

Emin Babayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR