Bakı. Etibar Məmmədov – APA. Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş “Sənədlər sübut edir” adlı tədbir-sərgi təşkil olunub. APA-nın məlumatına görə, tədbirdə “Məhkum olunmuş Xocalı” kitabının təqdimatı keçirilib.
Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, kitabın müəllifi Respublika Prokurorluğunun arxivində olan materiallardan istifadə edib: “Buraya Xocalı faciəsi şahidlərinin istintaqa ifadələri, hadisə yerinə baxış zamanı tərtib olunan protokollar daxildir. Müəllif 1500-dən çox sənədi muzeyə təhvil verib”.
Sonra Xocalı hadisələrinin şahidləri çıxış edərək faciənin dəhşətini və düşmənin qəddarlığını tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə Xocalı hadisələrinə həsr olunan “Dua” adlı sənədli film də nümayiş etdirilib.