Bakı. Ülkər Qasımova - APA. Mayın 29-dan iyunun 1-nə kimi Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək.
APA-nın məlumatına görə, bununla bağlı olaraq bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib.
İclasda çıxış edən Ə.Qarayev qeyd edib ki, ölkə başçısı İlham Əliyevin müvafiq fərmanı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu hər iki ildə bir dəfə Azərbaycanda keçiriləcək. Forumun əhəmiyyətini vurğulayan nazir bildirib ki, Azərbaycan Prezidentinin himayəsi ilə keçirilən bu Forum UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, BMT-nin Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESKO, Avropa Şurasının birgə tərəfdaşlığı ilə təşkil edilən yeganə platformadır. Forumda 800-1000 nəfər xarici qonağın iştirakı nəzərdə tutulur və forum çərçivəsində 10-dan çox tədbir və ilk dəfə mədəniyyət və turizm nazirlərinin iştirakı ilə Şərq-Qərb Nazirlər Konfransı keçiriləcək.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva forumun beynəlxalq işçi qrupunun fəaliyyəti və tərəfdaş qurumların təkliflərini diqqətə çatdırıb. Foruma hazırlıq prosesi, tədbirin proqram və konsepsiyası barədə nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə təqdimatla çıxış edib. Forum zamanı maraqlı mədəni proqramın təşkilinin əhəmiyyətini qeyd edən nazir bütün mədəni tədbirlərdə xalqımızın mədəniyyətinin təbliğinin prioritet olmasını vurğulayıb. Sonra nazirliyin eksperti Cahangir Səlimxanov mədəni proqramla bağlı təqdimatla çıxış edib.
Yekunda Ə.Qarayev nazirlik daxilində təşkilat komitəsi və işçi qrupların vəzifələr bölgüsünün müəyyən edilməsi və bütün aidiyyəti qurum və təşkilatlarla yaxından əməkdaşlıq edilməsi barədə tapşırıqlarını verib.