Bakı - APA. Millət vəkili, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva Türkiyənin Kayseri bölgəsinə səfəri zamanı Kayseri valisi Orhan Düzgünlə görüşüb.
APA-nın verdiyi məlumata görə, ölkələrimiz arasındakı əlaqələrdən danışan Q.Paşayeva Kayserinin Azərbaycanın hər hansı bölgəsi ilə qardaşlaşdırılmasının ölkələrimiz arasında əlaqələrin daha da güclənməsinə gətirib çıxara biləcəyini söyləyib. O, yaxın zamanlarda Kayseri bələdiyyəsi və Azərbaycanın bölgələrindəki bələdiyyələrdən birinin qardaşlaşma ilə bağlı sənəd imzalamasını təklif edib. Orhan Düzgün bu təklifi dəstəkləyib və bu istiqamətdə özünün də səy göstərəcəyini bildirib.
Q.Paşayeva görüşdə müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabı barədə də məlumat verib. O, hazırda kitabın ikinci hissəsini hazırlamağı planlaşdırdığını və yeni hissədə Kayserinin də yer alacağını nəzərə çatdırıb. Millət vəkili Kayseri valisinə Azərbaycanın tarixi və Dağlıq Qarabağ həqiqətləri barədə danışıb, Həvva Məmmədova ilə birgə Türkiyə türkcəsində tərtib etdikləri “Xocalı soyqırımı: şahidlərin dilindən” kitabını, o cümlədən Azərbaycan bayrağını Orhan Düzgünə hədiyyə edib. Orhan Düzgün də öz növbəsində Qənirə Paşayevaya Kayseri barədə materiallar hədiyyə edib.
Millət vəkili rəhbərlik etdiyi Avrasiya Betnəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin Türkiyənin bir çox bölgələrində bir sıra təşkilatlarla birgə “Azərbaycan-Türkiyə Qardaşlıq Gecəsi”ni təşkil etdiyini nəzərə çatdırıb və Azərbaycan ortaq mədəniyyətimizi, tariximizi, ədəbiyyatımızı insanlarımıza daha geniş çatdıran bu cür gecələri Kayseridə də keçirməyi təkli edib. Orhan Düzgün təklifi dəstəkləyib, mart və may aylarında Kayseridə mütləq bu tədbirin təşkil olunacağını qeyd edib. Kayseri valisi Q.Paşayevanın Azərbaycana dəvətini də qəbul edib.
Qeyd edək ki, görüşün “Azərbaycan-Türkiyə Qardaşlıq Gecə”lərində iştirak etmək üçün qardaş ölkəyə səfər edən Yazıçılar Birliyin bölüm rəhbəri Sərvaz Hüseynoğlu, şairə Gülayə Rzayeva, Azərbaycanın əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan, opera və səs sənətçisi İlham Əsgəroğlu da iştirak ediblər.