Bakı. Ülkər Qasımova-APA. Küveytdə Azərbaycan Mədəniyyəti Günləri davam edir. Mədəniyyət və Turizm Nazirliyinin Küveytə ezam olunmuş mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuha ilə görüşüb.
Qonaqları salamlayan baş katib ölkəmizin zəngin və çoxəsrlik mədəniyyətə malik olduğunu söyləyərək Azərbaycanın böyük nümayəndə heyəti ilə Küveytdə Mədəniyyət Günləri keçirməsini dost ölkələrimiz arasında münasibətlərə yeni töhfələr verəcəyini bildirib. Nazir müavini Ədalət Vəliyev təşkil olunan mədəni tədbirlərin xalqlarımızı daha da yaxınlaşdıracağına əminliyini bildirərək dost ölkənin incəsənət ustalarını ölkəmizdə keçirilən tədbirlərdə iştiraka dəvət edib.
Görüşdə Küveytdə musiqi təhsilinin inkişafına köməklik göstərilməsi, azərbaycanlı mütəxəssislərin bu işə cəlb olunması, uşaqlardan ibarət simfonik orkestrin yaradılmasına yardım etmək və digər mövzularda müzakirələr aparılıb. Ölkəmizin Küveytdəki fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev və Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli görüşdə iştirak edib.
Daha sonra Küveyt Milli Muzeyində Azərbaycanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub. Təxminən 500 nəfər tamaşaçı tutumu olan zal tam dolub. Türkiyə, Avstriya, İran, Rusiya, Mərakeş, Seneqal, İndoneziya, Banqladeş, Çin və digər ölkələrin Küveytdəki səfirləri ailə üzvləri ilə birgə qonaqlar arasında olub. Küveytdə Azərbaycan Mədəniyyəti Günləri fevralın 21-də dahi bəstəkar Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş xüsusi proqramla davam edəcək.