Bakı. Mübariz Aslanov - APA. “Bu gün bir sıra incəsənət adamları, yaradıcı şəxslər var ki, haqları çatmadığı halda belə fəxr ad almaq üçün bizə müraciət edirlər”. APA-nın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov komitənin bu gün keçirilən iclasında bildirib.
O qeyd edib ki, ümumilikdə müraciət edənlər arasında fəxri ada layiq olanlar olsa da, olmayanlar da var: “Düzdür, onlar bu haqlara layiq olmasalar da, bu istəkləri onların haqlarıdır. Amma biz onlara deyə bilmirik ki, digər istedadlı şəxsdən zəifdirlər. Əksinə, məcburiyyət üzündən, ruhdan salmamaq, sındırmamaq üçün onları tərifləyib növbədə durmalarını deməklə kifayətlənirik. Çünki yaradıcı şəxslər həssas olduqları üçün onları sındırmaq olmaz. Elələri var ki, onlara heç gələcəkdə də fəxri ad vermək düzgün deyil. Amma bunu onlara demək olmur. Təəssüf ki, alimləri başa salmaq olur, amma incəsənət adamlarını başa salmaq olmur”.
N.Cəfərov ad alanlara da ismarış göndərib: “Eləsi var ki, gəlir müraciət edir, köməklik göstəririk, ad alır, amma ad alandan sonra çıxıb efirdə “təvazökarcasına” deyir ki, “bu, xalqımın verdiyi qiymətdir, özüm qazanmışam” və sair”.