KOBİA yanında İctimai Şuranın təşkilatçılığı, KOBİA, Mədəniyyət Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “Yaradıcı sənayedə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirə keçirib.
APA-nın xəbərinə görə, tədbirdə dövlət qurumlarının nümayəndələri, o cümlədən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Mədəniyyət naziri Anar Kərimov, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də müvafiq sahədə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Tədbirdə yaradıcı sənayenin müasir biznes çağırışları, bu sahədə dövlət-özəl əməkdaşlığının inkişafı, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, effektiv sahəvi təşkilatlanma, sektorun problemləri və inkişafı ilə bağlı digər məsələlər müzakirə edilib, müvafiq qurumların nümayəndələri sahibkarlıq subyektlərini maraqlandıran sualları cavablandırıblar.