Berlində Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin xatirə lövhəsi və baralyefinin açılışı olub

Berlində Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin xatirə lövhəsi və baralyefinin açılışı olub
# 15 sentyabr 2008 08:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Berlin şəhəri, Fazanenştrasse 72 ünvanında görkəmli Azərbaycan yazıçısı Məhəmməd Əsəd Bəyin xatirə lövhəsi və bürüncdən hazırlanmış barelyefinin açılışı olub. Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Almaniyanın tanınmış ictimai-siyasi xadimləri, mətbuat təmsilçiləri, Bundestaqın, Berlin Parlamentinin üzvləri, Almaniya Xarici İşlər Nazirliyi (XİN), Kansler İdarəsi, Berlin Senatının rəhbər işçiləri və əməkdaşları, müxtəlif ölkələrin diplomatları və Azərbaycan ziyalıları iştirak ediblər.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən Bundestaqın üzvü, Qafqaz Dostluq Parlament qrupunun sədri Şteffen Rayxe Əsəd Bəyin həyat və yaradıcılığı haqqında ətraflı çıxış edib, onun Şərqlə Qərb arasında ilk mədəniyyət körpüsü salan önəmli şəxs olduğunu vurğulayıb. Almaniya XİN-in Orta Asiya, Qafqaz o cümlədən Azərbaycan üzrə Mədəniyyət və mətbuat işləri üzrə şöbə müdiri Volfqanq Dik, Almaniyanın Azərbaycandakı səfiri Per Stankina, Türkiyənin Almaniyadakı baş konsulu Alpman da tədbirdə çıxış ediblər.

Xatirə lövhəsini açan Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi çıxışında Əsəd Bəyin Avropada bir Şərq aşığı olduğunu deyib, onun nəğmələrinin yaşadığı bu evdən öncə Berlinə, sonra Almaniyaya və nəhayət bütün dünyaya yayıldığını söyləyib. O, Əsəd Bəyin həmvətənləri olan donosçular və alman faşistləri tərəfindən dərbədər salındığını, İtaliyadakı Positano şəhərinə sığındığını və orada vəfat etdiyini bildirib.

Mərasimdən sonra, N. Gəncəvi İnstitutu Berlin Literatur Evində Əsəd Bəyin şərəfinə ziyafət verib. Ziyafətdə “Berlin Um Velt film” studiyasının Əsəd Bəy haqqında çəkdiyi sənədli və bədi filmdən parça göstərilib. Xatirə lövhəsinin və barelyefin müəllifi, Ukraynada yaşayan azərbaycanlı, əməkdar rəssam Seyfəddin Qurbanova N. Gəncəvi İnstitutunun Fəxri Fərmanı və hədiyyə təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR