Azərbaycan prezidenti adından Miloş Zemanın şərəfinə rəsmi ziyafət verilib

Azərbaycan prezidenti adından Miloş Zemanın şərəfinə rəsmi ziyafət verilib
# 15 sentyabr 2015 17:57 (UTC +04:00)

APA-nın xəbərinə görə, Çexiya prezidenti Miloş Zemanı bir daha Azərbaycanda salamlayan prezident İlham Əliyev bu səfərin iki ölkə arasında münasibətlərin yaxşı göstəricisi olduğunu bildirib. İndiyədək müxtəlif yerlərdə bir neçə dəfə səmərəli görüşlər keçirdiklərini deyən dövlət başçısı bunun da iki ölkə arasında əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını qeyd edib. Çexiyanın Azərbaycan üçün strateji tərəfdaş olduğunu deyən prezident İlham Əliyev qeyd edib ki, həm Çexiya, həm də Azərbaycan ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlığın daha da gücləndirilməsi üçün əlindən gələni edir.

Əməkdaşlığa dair yeni layihələrlə bağlı müzakirələrin aparıldığını deyən dövlət başçısı onların reallaşacağı təqdirdə ölkələrimiz arasında əmtəə dövriyyəsinin artacağını qeyd edib. Prezident İlham Əliyev investisiya, turizm, nəqliyyat və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə toxunaraq qarşılıqlı səfərlərin, iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin buna daha da təkan verəcəyini bildirib. Dövlət başçısı səfər çərçivəsində strateji tərəfdaşlığa dair imzalanan birgə Bəyannamənin əhəmiyyətindən danışaraq, onun ikitərəfli münasibətləri daha da möhkəmləndirəcəyini bildirib.

Çexiya prezidenti Miloş Zeman prezident İlham Əliyevlə görüşündən məmnun qaldığını deyərək, Azərbaycan prezidenti ilə hər bir görüşünün qarşılıqlı anlaşma şəraitində keçdiyini vurğulayıb. Miloş Zeman Azərbaycana ilk dəfə səfər etdiyini və bu səfərin uğurla keçdiyini qeyd edib. O, Azərbaycanda müdrikliklə idarə olunan güclü dövlətin bərqərar olmasını, sabitliyin və inkişafın hökm sürməsini yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR