Azərbaycanla İran neft-qaz sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycanla İran neft-qaz sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
# 28 dekabr 2016 11:22 (UTC +04:00)

Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev İranın rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, R. Abdullayev Azərbaycanla İran arasında iqtisadiyyatın müxtəlif sahələrini əhatə edən sıx əməkdaşlığın ildən-ilə genişləndiyini, xüsusilə neft-qaz sektoruna daxil olan qurumlar arasında əlaqələrin inkişafı üçün səylərin intensivləşdiyini və bu prosesdə qarşılıqlı səfərlərin mühüm rol oynadığını qeyd edib. SOCAR-ın İran şirkətləri ilə əlaqələrinə toxunan R. Abdullayev neft sənayesi mütəxəssislərinin işgüzar münasibətlərinin vacibliyini qeyd edib.

Azərbaycan-İran əməkdaşlığının inkişaf tempini yüksək qiymətləndirən M. Vaezi iki ölkənin neft-qaz sektorunda səmərəli fəaliyyətini, bu sahədə zəngin təcrübəyə malik olduqlarını və həmin təcrübənin ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial yaratdığını bildirib. Qonaq Azərbaycan-İran biznes-forumunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

SOCAR prezidenti ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən, enerji sektorunda əlaqələrin dərinləşdirilməsi üçün böyük potensialın olduğunu söyləyib, neft-qaz sənayesində əməkdaşlığın iki ölkənin iqtisadi inkişafına daha böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR