Elşad İskəndərov ABŞ-da görüşlər keçirəcək

Elşad İskəndərov ABŞ-da görüşlər keçirəcək
# 04 dekabr 2012 07:55 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Dövlət Departamenti tərəfindən həyata keçirilən Beynəlxalq Ziyarətçi Proqramı - təcrübə mübadiləsi çərçivəsində ABŞ-da səfərdədir. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, proqram çərçivəsində Vaşinqtonda Dövlət Departamentində, Konqresdə, ABŞ İslam Əməkdaşlıq Təşkilatının xüsusi nümayəndəsi ilə, həmçinin ABŞ-ın beyin mərkəzlərində və dini icmalarında görüşlərin keçirilməsi nəzərdə tutulub.

Proqramın əsas məqsədi ABŞ-a qısa müddətli səfər çərçivəsində əməkdaşlıq edilən ölkələrin hökumət nümayəndələrini dəvət edərək, ABŞ-ın hökumət və ictimai qurumlarında görüşlərin təşkil edilməsi vasitəsi ilə, bu ölkənin din sahəsində təcrübəsi ilə bilavasitə tanış etmək və Amerikadakı həmkarları ilə əməkdaşlıq münasibətlərinin qurulmasına kömək göstərməkdir.

Səfəri şərh edərkən Dövlət Komitəsinin sədri bildirib ki, Azərbaycanın bu proqramda iştirakı sözügedən sahədə də iki ölkə arasında əməkdaşlığın mövcudluğunu sübut edir və səfərin əsas məqsədi yaranmış əməkdaşlıq imkanlarının artırılması potensialını müzakirə etməkdir. Bundan başqa, dini zəmində ekstremizmlə mübarizədə birgə əməkdaşlıq, Azərbaycanın dinlərarası tolerantlıq modeli, Azərbaycanın işğal edilmiş ərazilərində dini abidələrin vəziyyəti görüşlərin mövzuları sırasındadır.

Dekabrın 5-də ABŞ-ın tanınmış Jamestoun fondunda təşkil olunmuş seminarda E.İskəndərov baş məruzəçi qismində “Azərbaycanda müxtəlif dinlər arasında qarşılıqlı hörmət və dialoq” mövzusunda çıxış edəcək.

ABŞ Dövlət Departamentinin bir neçə ay öncə yayımlanan "Dünyada dini azadlıq haqqında" illik məruzəsində Azərbaycanda etiqad azadlığının pozulması haqqında fikirləri şərh edərkən Komitə sədri bunların ABŞ-ın məlumat mənbələrinin birtərəfli olması ilə əsaslandırıb və bu sahədə amerikalı həmkarları ilə işlərin aparılacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR