Oqtay Əsədov İndoneziya Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanla görüşüb

Oqtay Əsədov İndoneziya Regional Nümayəndələr Şurasının sədri İrman Qusmanla görüşüb
# 20 dekabr 2012 11:10 (UTC +04:00)

Bakı.Mübariz Aslanov-APA. Azərbaycan Milli Məclisində spiker Oqtay Əsədov Bakıda səfərdə olan İndoneziya Regional Nümayəndələr Şurasının sədri İrman Qusman arasında görüş keçirilib.

APA-nın xəbərinə görə, görüş zamanı O. Əsədov qeyd edib ki, parlament nümayəndə heyətlərinin səfərləri iki ölkə arasında dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına öz müsbət töhfəsini verəcək: "Bu gün Azərbaycanla İndoneziya arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədədir. Əgər 2011-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 950 milyon dollar təşkil edirdisə, bu ilin 9 ayı ərzində ticarət dövriyyəsinin həcmi 1,4 milyard dolları keçib".

O. Əsədov deyib ki, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin hüquqi bazasının da genişləndirilməsi vacibdir. Onun sözlərinə görə, bu istiqamətdə artıq 5 hüquqi sənəd imzalanıb, ikisi isə imzalanmaq ərəfəsindədir. Spiker bildirib ki, Ermənistan tərəfindən zorla münaqişəyə cəlb olunan Azərbaycan münaqişənin tezliklə müsbət və ədalətli həllinin tərəfdarıdır: "Biz təcavüzə məruz qalsaq da, münaqişənin dinc danışıqlar yolu ilə həllinin tərəfdarıyıq".

İ. Qusman da görüşdə iki ölkə arasında münasibətlərin səviyyəsindən razılığını ifadə edib. O qeyd edib ki, Azərbaycanla İndoneziyanı birləşdirən xeyli oxşar cəhətlər var: "Hər iki ölkə iqtisadi cəhətdən inkişaf edən, demokratik, müsəlman ölkələridir". İ. Qusman deyib ki, iki ölkə arasında uzun müddətdən bəri davam edən əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsi vacibdir.

Görüşdə Azərbaycanın İndoneziyada akkreditə olunmuş səfiri Tamerlan Qarayev də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR