Azərbaycanda yanvar-sentyabr aylarında pensiya xərcləri 21% artıb

Azərbaycanda yanvar-sentyabr aylarında pensiya xərcləri 21% artıb
# 22 noyabr 2012 12:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabrın 1-i vəziyyətinə Azərbaycan Dövlət Sosial Müdafiə Fondu sistemində 1 271,2 min nəfər pensiyaçı qeydiyyatda olub və onlar ölkə əhalisinin 13,8%-ni təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, pensiyaçıların 63,1%-i yaşa, 26,5%-i əlilliyə, 10,4%-i isə ailə başçısını itirməyə görə pensiya alıb. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artaraq 151,2 manat olub və orta aylıq əmək haqqının 39%-ni təşkil edib.

«Cari ilin yanvar-sentyabr aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1 774,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 20,3% çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 20,7% artaraq 1 732,9 mln. manat təşkil edib», - deyə Komitədən bildirilib.

Hesabat dövründə əhaliyə 41,6 mln. manat məbləğində müavinət ödənilib ki, bunun da 32,2%-i hamiləliyə və doğuma görə, 29,3%-i əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 16,6%-i dəfn üçün ödənilən, 21,9%-i isə digər müavinətlərin payına düşüb: «Oktyabr ayının 1-i vəziyyətinə 312,7 min nəfərə sosial müavinətlər təyin olunub. Yaşa görə müavinət alanların sayı 15,2 min nəfər, əlilliyə görə 109,6 min nəfər, ailə başçısını itirməyə görə 39,1 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 62 min nəfər olub. Əmək pensiyası almaq hüququ olmayan 57 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə müavinət verilib».

Bununla yanaşı, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 697 nəfər qəyyumuna, eləcə də 10,3 min ailəyə 20,5 min uşaq üçün aylıq müavinət verilib. Uşaq müavinətlərini şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları alıb. Bundan başqa, 7 min 1 yaşadək uşağa görə 6,9 min ailəyə sosial müavinət verilib. Əmək xəsarəti və ya peşə xəstəliyi nəticəsində 522 zərərçəkən kompensasiya alıb.

«Eyni zamanda, 90,6 min nəfərə, o cümlədən 80,7 min uşağın doğulmasına görə, 4,8 min nəfərə radiasiya qəzası nəticəsində əlil olmuş şəxslərin müalicəsi üçün, 3,4 min nəfərə penitensiar müəssisələrində cəza çəkməkdən azad edilmiş şəxslərə və həyatını itirmiş 1,6 min nəfərin dəfni üçün birdəfəlik müavinət verilib. Cari ilin doqquz ayı ərzində Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 34,9 min nəfər aylıq təqaüd alıb», - deyə Komitədən bildirilib.

Cari ilin oktyabr ayının 1-i vəziyyətinə ölkədə 127,2 min ailənin 562,6 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb və hər bir nəfərə 25,3 manat ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR