Nabrandakı istirahət mərkəzinin əmlakı siyahıya alınıb

Nabrandakı istirahət mərkəzinin əmlakı siyahıya alınıb
# 28 noyabr 2012 13:00 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi vergi borclarının alınması şöbəsinin əməkdaşları Xaçmaz rayonu, Nabran qəsəbəsində yerləşən «Sahdağ» şirkətinə məxsus «Məkan» istirahət mərkəzində əmlakın siyahıya alınması tədbirləri keçiriblər. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergi ödəyicisinin avqustun 17-də yaranmış vergi borcu ilə əlaqədar olaraq oktyabrın 16-da onun 600 manat dəyərində əmlakı siyahıya alınıb. Lakin vergi ödəyicisi tərəfindən borc ödənilmədiyindən və əlavə olaraq 563 manat məbləğində yeni borc yarandığından noyabrın 1-də ona borc bildirişi göndərilib. Borc məbləği qanunvericilikdə nəzərdə tutulan müddət ərzində ödənilmədiyindən vergi ödəyicisinin bank hesablarına sərəncam qoyulub. Noyabrın 7-də isə Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən yaranmış vergi borcunun ödənilməsini təmin etmək üsulu kimi istirahət mərkəzində əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb və obyektdəki 750 manatlıq müxtəlif növ məişət texnikası və avadanlıq müvafiq qaydada siyahıya alınıb.

Həmin gün vergi xidməti əməkdaşları Xaçmaz rayonunun Qusarçay kəndində yerləşən, fiziki şəxs Fərhad Məmməd oğlu Məmmədova məxsus mağazada da əmlakın siyahıya alınmasını həyata keçiriblər. F.Məmmədovun fəaliyyəti vergi orqanı əməkdaşları tərəfindən araşdırılarkən, onun 1 052 manat vergi borcunun yarandığı müəyyən edilib, 1 noyabr 2012-ci tarixdə vergi borcu haqqında bildiriş göndərildikdən sonra bu ilin oktyabr ayında ona məxsus əmlakın siyahıya alınması haqqında qərar çıxarılıb. Vergi əməkdaşları mağazadakı 630 manat dəyərində olan məişət əşyaları və təsərrüfat mallarını müvafiq qaydada siyahıya alıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR