İyulun 16-da Qusar şəhərində Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş “Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət” mövzusunda konfrans keçirilir.
APA-nın xəbərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak edirlər.
Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə Azərbaycanın tolerantlıq ənənələrini, sülh və birgəyaşayış dəyərlərini əks etdirən “Azərbaycan – sülh və harmoniya məkanı” videoçarxı nümayiş olunacaq.
Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi “Hər məsciddə kitabxana” layihəsi təqdim ediləcək.
Konfrans çərçivəsində “Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya” və “Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti” mövzularında iki panel iclası keçiriləcək.
Panel müzakirələrində dini mövzuların mediada peşəkar işıqlandırılması, informasiya təhlükəsizliyi, dezinformasiyanın yaratdığı risklər, dini savadlılığın artırılmasında medianın rolu, həssas mövzuların ictimaiyyətə düzgün çatdırılması və dövlət-media əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılacaq.
Qeyd edək ki, tədbir iyulun 17-də Qubada yerləşən dini ibadətgahları əhatə edən mediaturla davam etdiriləcək. Mediatur çərçivəsində iştirakçılar Quba “Cümə” və “Səkinəxanım” məscidləri, “Dağ Yəhudiləri Muzeyi” və "Giləki" sinaqoqu ilə tanış olacaqlar.