BMT İrandan hesabat istəyir

BMT İrandan hesabat istəyir
# 17 dekabr 2012 07:48 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. BMT İranın tibbi ləvazimatlar və dərman preparatları idxal etməsinə qoyulmuş sanksiyalardan narahatdır. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə BMT-nin koordinasiya şöbəsinin rəsmisi Məhəmməd əl-Munir Səfiyəddin İranın Səhiyyə Quruluşu Təşkilatının sədri Şəhabəddin Sədrə ünvanladığı məktubunda qeyd edib.

O, məktubunda bildirib ki, BMT baş katibi də BMT Baş Assambleyasına verdiyi hesabatında sanksiyaların İran xalqının sağlamlığına vurduğu təsirlərindən narahatlığını dilə gətirib: “Ona görə də sizdən sanksiyaların İran xalqının sağlamlığına, xüsusilə tibb sahəsinə təsirlərinin mənfi nəticələri barədə BMT-yə lazımi sənədləri, dəlilləri və statistikanı təqdim etməyinizi istəyirəm”.

Qeyd edək ki, İranın Səhiyyə Quruluşu Təşkilatının sədri Şəhabəddin Sədr ötən ay BMT baş katibi Pan Gi Muna məktub ünvanlayaraq, ölkəsinin dinc məqsədli nüvə enerjisindən faydalanmaq hüququ olduğunu qeyd edib. Eyni zamanda məktubda Tehrana qarşı Qərb ölkələrinin birtərəfli sanksiyalar tətbiq etməsinə etiraz bildirilib, İranın tibbi ləvazimatlar və dərman preparatları idxal etməsinə qoyulmuş embarqoya BMT və digər insan haqları təşkilatlarının səssiz qalması tənqid olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR