Əli Həsənov: “Azərbaycan demokratiyanın durumuna görə heç bir ölkədən geri qalmır”

Əli Həsənov: “Azərbaycan demokratiyanın durumuna görə heç bir ölkədən geri qalmır”
# 16 aprel 2015 10:13 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA “Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşmaq azadlığının durumu heç bir dünya ölkəsindən geri qalmır”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ilk Avropa Oyunları ərəfəsində Azərbaycan əleyhinə aparılan kampaniyaya münasibət bildirərkən deyib.

Ə. Həsənov bildirib ki, bu gün Qərbdə anti-islam, anti-türk meylləri, ikili standartlar siyasəti hökm sürür. Bütün bunlar Avropa siyasətçilərinin, beynəlxalq qurumların, həmçinin ayrı-ayrı hüquq müdafiə təşkilatlarının fəaliyyətində də özünü açıq büruzə verir: “Bu meyllər Azərbaycana və Türkiyəyə münasibətdə özünü xüsusi göstərir. Düşünürük ki, Azərbaycan cəmiyyəti nəyin baş verdiyini çox gözəl anlayır. Xalqımız başa düşür ki, ölkəmizlə bağlı formalaşdırılmağa çalışan rəyin, səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Bunlar, sadəcə olaraq, Azərbaycan dövlətinin uğurlarının, həmçinin bizim dünyaya nümayiş etdirmək istədiyimiz dəyərlərimizin effektivliyini azaltmaq məqsədi daşıyır. Əminəm ki, belə cəhdlər heç bir nəticə verməyəcək. Biz real həqiqətləri həm özümüz bilirik, həm də dünya ictimaiyyətinə çatdırmaq üçün kifayət qədər imkanlara malikik. Azərbaycan 20 ildə dünyanın gözü qarşısında uğurlu inkişaf yolu keçib. Azərbaycanın dünya mədəniyyətinə, siyasətinə, iqtisadiyyatına verdiyi töhfələr göz qarşısındadır. Bunu heç kim inkar edə bilməz. Eyni zamanda heç kim Azərbaycanda olmayan nöqsanları bizim ayağımıza yaza bilməz”.

Ə. Həsənov qeyd edib ki, Azərbaycanda bütün hüquqlar, bütün azadlıqlar təmin olunub: “Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR