Fuad Qəhrəmanlı: “İctimai Palatadan daha geniş formatda birliyin yaranması üçün təşəbbüslər göstərməliyik”

Fuad Qəhrəmanlı: “İctimai Palatadan daha geniş formatda birliyin yaranması üçün təşəbbüslər göstərməliyik”
# 06 dekabr 2012 13:18 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) müxalifətin Birlik Konqresinin keçirilməsi təşəbbüsü birmənalı qarşılanmayıb.

“Qarabağ” blokunun həmtəsisçisi, Ümid Partiyasının sədri İqbal Ağazadə APA-ya açıqlamasında müxalifətin Birlik Konqresi təklifini dəyərləndirərkən deyib ki, birlik istiqamətində atılan bütün addımları dəstəkləməklə yanaşı, öz partiya maraqlarından da imtina etməyə hazırdırlar: “Bu istiqamətdə atılan istənilən addıma ciddi şəkildə öz töhfəmizi verəcəyik. Sonrakı mərhələdə məsələnin hansı şəkildə ortaya çıxmasından və mövqelər ifadə olunmasından asılı olmayaraq ilkin niyyətə birmənalı olaraq hə, deyirik. Müxalifətin birliyi üçün partiya maraqlarımızı kənara qoyub, ümumi maraqlar naminə çıxış edə bilərik”. İ.Ağazadə qeyd edib ki, bununla yanaşı, müxalifətin səkkiz partiyası arasında vaxtilə keçirilən görüşlərin davam etdirilməsi təklifi də gündəmdədir: “Partiyalar arasında seçkidə iştirakın formatının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr gedir. Yaxınlaşmağa xidmət edən bütün variantların tərəfdarıyam. Amma ilkin seçki ən çətin və həlli problemli olan variantlardan biridir. Həlli daha yumşaq və sadə modellər var ki, onlardan istifadə etmək daha yaxşı olar”.

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu hər şeydən öncə seçki qanunvericiliyində dəyişikliklərin reallaşdırılması istiqamətində addımların atılmasının tərəfdarı olduqlarını söyləyib. O qeyd edib ki, birgə konqresin keçirilməsi təklifi partiyada hələ müzakirə edilməyib: “İndidən qərarın verilməsi səhv addım olardı. Çünki seçki ərəfəsində situasiyanın nə cür olacağı bəlli deyil. Boykot da mübarizənin metodlarından biridir. Hər bir fikri məqsədə çatmaq üçün addım hesab etməliyik. Lakin indiki halda boykot haqqında düşünmürəm. Çünki bu qərar şanslar sıfıra endiyi zaman verilə bilər”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, müxalifətin birliyinə yönələn tədbirə hansı ad qoyulmasından asılı olmayaraq, AXCP İctimai Palataya daxil olmaqla müxalifətin daha geniş spektrdə birliyinin təmin olunması, vətəndaş cəmiyyəti institutlarının bu prosesdə aktiv rol almasının tərəfdarı olduğunu göstərib: “Fikrimizcə, “Seçki islahatları Memorandumu” birgə fəaliyyət üçün ilkin platforma rolunu oynaya bilər. Həmin platformada ölkədə demokratik seçki mühitinin yaradılmasını istəyən bütün qüvvələr iştirak edə bilərlər. Çünki bu sənədin hansısa siyasi quruma aidiyyəti yoxdur və müstəqil hüquqşünaslar tərəfindən təqdim olunub”.

F.Qəhrəmanlı qeyd edib ki, AXCP müxalifətin vahid namizədlə və funksional tərəfdaşlıq çərçivəsində daha geniş tərkibdə birliyinin tərəfdarıdır: “Bu istiqamətdə İctimai Palatanın Ziyalılar Forumu ilə əməkdaşlığı var. Demokratik Qüvvələrin Məşvərət Məclisi ilə də bu cür əməkdaşlığın yaranması realdır. Qarşıdakı dövrdə bu prosesdə iştirak etmək istəyən, ümumi maraqlardan çıxış edən qüvvələrin birgə yığıncağının keçirilməsinə ehtiyac var və hətta zərurətə çevrilib”. F.Qəhrəmanlı bildirib ki, yaxın vaxtlarda konkret addım atıla bilər: “AXCP İctimai Palatadan kənardan qalan real qüvvələrin olduğunu da təsdiqləyir. Biz seçkidə uğur qazanmaq, demokratik dəyişikliklər əldə etmək istəyiriksə. İctimai Palatadan daha geniş formatda bu birliyin yaranması üçün təşəbbüslər göstərməliyik”.

Qeyd edək ki, İctimai Palatanın (İP) təşəbbüsü ilə keçirilən “Seçki islahatları Memorandumu”nun müzakirəsi zamanı Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) nümayəndəsi təmsil etdiyi qurumun müxalifətin Birlik Konqresinin keçirilməsi təşəbbüsünü İP rəhbərlərinə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR