Azərbaycan bu il bir neçə atıcı silah hazırlayıb

Azərbaycan bu il bir neçə atıcı silah hazırlayıb
# 17 dekabr 2012 08:53 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) tərəfindən bu il bir neçə atıcı silah yaradılıb. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Yeni yaradılan atıcı silahlar barədə məlumat verən nazirin sözlərinə görə, bunlardan birincisi NATO standartlarına uyğun 7.62x51 mm çaplı snayper tüfəngidir. Artıq «Yalquzaq» adı verilmiş tüfəngin yaradılma mərhələsi başa çatıb. Yeni snayper tüfənginin atış məsafəsi 1000 metr, darağının tutumu 10 patron, çəkisi isə 7.1 kq-dır.

İkinci silah yeni pulemyotdur. Xüsusi təyinatlı və kəşfiyyatçılar üçün nəzərdə tutulmuş bu silahın atış məsafəsi 1000 metr, çəkisi 7 kq, uzunluğu 1080 mm-dir.

Y. Camalov 14.5 mm çaplı «İstiqlal» anti-material snayper tüfənginin təkmilləşdirildiyini də vurğulayıb. Təkmilləşdirmə nəticəsində tüfəngin çəkisi 35 kq-dan 28 kq-a endirilib. Həmçinin silahda bir sıra texniki dəyişikliklər aparılıb. Ermənistan mətbuatında Azərbaycan silahlarının başqa ölkələrdən götürülmüş və keyfiyyətinin aşağı səviyyədə olması barədə yayılan məlumatlara münasibət bildirən nazir bunu boş və mənasız söhbətlər adlandırıb: «Ermənistan şər-böhtan danışmağa, ağa qara deməyə öyrəniblər. Onların danışıqlarına əhəmiyyət vermək lazım deyil».

«Hazırda 23 mm çaplı snayper tüfənginin üzərində işləyirik. Yəqin ki bu silah 2013-cü ilin birinci yarısına hazır olacaq. Bundan sonra həmin silahın seriyalı istehsalına başlayacağıq», - deyə nazir əlavə edib.

Y. Camalov həmçinin qeyd edib ki, yerli müəssisələrdə dağlıq ərazilərdə döyüş aparmaq üçün çantada daşınan bir lüləli, iki lüləli və üç lüləli reaktiv qurğular hazırlanıb.

Nazir Azərbaycanda istehsal edilən 60 və 82 mm-lik minaatanların təkmilləşdirmə nəticəsində atış məsafəsinin artırıldığını da qeyd edib. Onun sözlərinə görə, əvvəlki 60 mm-lik minaatanlar 1600 metr, 82 mm-lik minaatanlar 2500 metr məsafədə hədəfləri məhv edə bilirdisə, indi bu məsafə 60 mm-lik minaatanlarda 4000 metr, 82 mm-lik minaatanlarda isə 5000 metrdir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR