Azərbaycanda bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi proqnozdan çox olub

Azərbaycanda bu il sahibkarlara verilən güzəştli kreditlərin həcmi proqnozdan çox olub
# 14 dekabr 2012 12:00 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Cəbrayıl rayonundan olan məcburi köçkünlərin Biləsuvar rayonunda məskunlaşdığı 4 saylı qəsəbədə «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda tədbir keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 200-dək sahibkarın qatıldığı tədbirdə Biləsuvar rayonunun, o cümlədən məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan cins heyvandarlıq təsərrüfatının, kiçik həcmli tikiş sexinin, çörək və şirniyyat istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

İqtisadi İnkişaf Nazirliyi sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Nazirliyin Aran regional bölməsinin müdiri Elbrus Hüseynov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri, Aran iqtisadi rayonunda, o cümlədən məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçirilən layihələr barədə məlumat veriblər.

Tədbirdə çıxış edən SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına 2 417 investisiya layihəsinin maliyyələşdirilməsinə 211 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 9 mindən çox yeni iş yerinin yaradılması təmin olunub. Fondun güzəştli kreditləri hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə məlumat verən Ş.Abdullayev «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»na uyğun olaraq SKMF-ın vəsaitləri hesabına indiyədək 892 məcburi köçkün sahibkara 18,9 mln. manat, o cümlədən 2012-ci ilin ötən dövrü ərzində 231 məcburi köçkün sahibkara 9,2 mln. manat güzəştli kredit verildiyini diqqətə çatdırıb. Bu kreditlər hesabına 2 minədək yeni iş yerinin yaradılması nəzərdə tutulur: «Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 13,8 mln. manat güzəştli kredit verilib ki, bu müəssisələrdən 3-ü istifadəyə verilib, digər 2 müəssisə üzrə tikinti-quraşdırma işləri aparılır».

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Biləsuvar rayonundakı 4 saylı qəsəbədə məskunlaşmış Füzuli və Cəbrayıl rayonlarından olan 34 məcburi köçkün sahibkara 188 min manat güzəştli kredit verilib. Bu layihələrin reallaşması 30-dan çox yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edək ki, 2012-cri il ərzində SKMF tərəfindən 200 mln. manat güzəştli kreditin verilməsi nəzərdə tutulsa da, əvvəllər verilmiş kreditlər üzrə geri qaytarılan vəsaitləri hesabına güzəştli kreditlərin ümumi həcmi göründüyü kimi 200 mln. manatı ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR