Əhliman Abbasın Müsavat Partiyası Gənclər Təşkilatının sədri postundan kənarlaşdırılması ilə bağlı Divana müraciət ediləcək

Əhliman Abbasın Müsavat Partiyası Gənclər Təşkilatının sədri postundan kənarlaşdırılması ilə bağlı Divana müraciət ediləcək
# 17 fevral 2014 10:12 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əhliman Abbasın sədrlikdən kənarlaşdırılması ilə bağlı Divana müraciət ediləcək”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Gənclər Təşkilatının (GT) sabiq üzvü Cavanşir Abbaslı təşkilatdan kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

Qeyd edək ki, Müsavat GT-nin qərarı ilə 8 nəfər təşkilatdan kənarlaşdırılıb. Nəticədə GT sədrliyinə namizəd olmuş Rüfət Hacıbəyli və hazırkı sədr Əhliman Abbasın tərəfdarları arasında qalmaqal yaranıb.

C. Abbaslı deyib ki, partiyanın Gənclər Təşkilatından kənarlaşdırılan 8 nəfərin təşkilata qaytarılması və baş verənlərlə bağlı partiya Divanının bu gün keçirilən iclasına müraciət olunacaq: “Gənclərlə bağlı qərar verilməsə, biz konkret addımlar atacağıq. Bugünkü Divanın qərarından sonra biz Əhliman Abbasın sədrlikdən kənarlaşdırılması ilə bağlı Divanın növbəti iclasına müraciət edəcəyik. Çünki partiya daxilində ən böyük saxtakarlığı o və onun tərəfdarları edib. Bizi sədri təhqir etdiyimizə görə təşkilatdan kənarlaşdırıblar, amma əllərində fakt yoxdur. Partiya rəhbərliyi bizi yenidən təşkilata qəbul etməlidir. Əks halda, müsbət addımlar atsa belə, biz bunu qəbul etməyəcəyik”.

C. Abbaslı qeyd edib ki, partiya rəhbərliyi qovulan gənclərlə bağlı qərar verməsə, partiya daxilində alternativ Gənclər Təşkilatı yaradılacaq: “Bizim buna kifayət qədər gücümüz var. Artıq bu barədə rayon təşkilatlarındakı gənclərdən də məktublar gəlir. Hətta partiya rəhbərliyi bu təşkilatı tanımasa belə, biz fəaliyyətimizi davam etdirəcəyik. Bizim tərəfdarlarımız monopoliyaya çevrilmiş bir təşkilatda təmsil olunmaq istəmirlər və qəti şəkildə həmin təşkilatdan istefalar olacaq. Divanın qərarından asılı olaraq, addımlar atacağıq”.

C. Abbaslı partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı və Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlını partiya daxilində baş verənlərə laqeyd yanaşmaqda ittiham edib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı isə APA-ya bildirib ki, GT-də baş verənlərlə bağlı indiyə kimi hər hansı müraciət daxil olmayıb. Onun sözlərinə görə, Divana müraciət olacaqsa, problem müzakirə olunacaq və müvafiq qərar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR