Türkiyə hökuməti bütün Suriya diplomatlarından 72 saat ərzində ölkəni tərk etmələrini tələb edib

Türkiyə hökuməti bütün Suriya diplomatlarından 72 saat ərzində ölkəni tərk etmələrini tələb edib
# 30 may 2012 12:28 (UTC +04:00)
Bakı – APA. Türkiyə hökuməti ölkədə fəaliyyət göstərən Suriya diplomatlarını deportasiya etmək barədə qərar qəbul edib. APA-nın xəbərinə görə, Türkiyə Xarici İşlər Nazirliyi bəyan edib ki, Suriyanın Ankaradakı müvəqqəti işlər vəkili və səfirliyinin bütün diplomatik personalından 72 saat ərzində ölkəni tərk etmək tələb olunub. Açıqlamada deyilir: “Suriya təhlükəsizlik qüvvələrinin Hums vilayətinin Əl-Hulə qəsəbəsində 50-si uşaq olan azı 110 dinc sakinin ölümü ilə nəticələnmiş kütləvi qətl törətməsi beynəlxalq ictimaiyyətdə böyük etirazlara səbəb olub. İnsanlığa qarşı cinayət olan bu əmələ qarşı səssiz qalmağımız mümkün deyil. Bu alçaqlığa qarşı birlik və həmrəylik içində mövqe ortaya qoymaq beynəlxalq ictimaiyyətin ortaq vəzifəsidir. Bu səbəblə ölkəmiz tərəfindən də Suriya hakimiyyətinə qarşı yeni addımlar atmaq zəruri hala gəlib. Ev sahibi ölkə olaraq Diplomatik Əlaqələrə dair Vyana Konvensiyasının 9-cu maddəsinə uyğun olaraq Suriyanın Ankaradakı müvəqqəti işlər vəkili və səfirliyin digər diplomatik personalından 30 may 2012-ci il tarixindən hesablanmaqla 72 saat ərzində ölkəmizdən ayrılmaları tələb edilib. Suriya hökuməti dərhal mülki əhaliyə qarşı zorakılığı dayandırmalı və xalqın qanuni tələblərinə uyğun olaraq ölkədə demokratik keçid mərhələsinə şərait yaratmalıdır. Əks təqdirdə, ölkəmiz və beynəlxalq birlik tərəfindən daha sərt addımlar atılacaq. Bu, qonşu və qardaş Suriya xalqı qarşısında bizim vicdani və mənəvi borcumuzdur”.

Türkiyə XİN-ə çağırılan Suriya müvəqqəti işlər vəkilinə ölkə hökumətinin qərarı müvafiq nota ilə rəsmən bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR