ATƏT-in Bakı ofisinin rəhbəri Mingəçevirə səfər edib

ATƏT-in Bakı ofisinin rəhbəri Mingəçevirə səfər edib
# 17 aprel 2012 15:27 (UTC +04:00)
Mingəçevir. Elvin Yaqubov - APA. ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay Azərbaycanın ATƏT-ə üzv olmasının 20-ci ildönümü münasibətilə Mingəçevir şəhərinə səfər edib. APA-nın məlumatına görə, qonaq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşdükdən sonra ATƏT-in Bakı Ofisinin dəstəyi ilə şəhərdə kiçik və orta sahibkarlar üçün nəzərdə tutulan Hüquq Məsləhət Mərkəzinin açılış mərasimində iştirak edib. Səfir Koray Tarqay çıxışında bildirib ki, bu hüquq məsləhət mərkəzi regionda iqtisadiyyatın davamlı inkişafı, eləcə də kiçik və orta sahibkarlığın inkişafı üçün sağlam biznes mühitinin genişləndirilməsinə xidmət edəcək. ATƏT-in dəstəyi ilə Bakıdan sonra Mingəçevirdə açılan bu mərkəz qadınları da özəl sektorun inkişafına təşviq edəcək. ATƏT-in bu layihədə tərəfdaşı olan İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin sədri İradə Cavadova çıxışında kiçik və orta sahibkarlığı iqtisadiyyatın mühərriki adlandırıb və işsizliyin aradan qaldırılmasına xidmət edən belə təşəbbüsləri daim dəstəklədiklərini qeyd edib. Sonra səfir Koray Tarqayın və 50-yə yaxın sahibkarın iştirakı ilə “River Side” otelində “Kiçik və orta sahibkarlığın Azərbaycanın iqtisadi inkişafında rolu” mövzusunda “dəyirmi masa” keçirilib. Tədbirdə kiçik və orta sahibkarlığın inkişafına şərait yaradan əlverişli mühitin formalaşdırılması, qeydiyyat, vergilər və lisenziyalaşdırma ilə bağlı hüquqi tənzimləmə və digər məsələlər müzakirə edilib, suallar cavablandırılıb. Koray Tarqay Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlovla da görüş keçirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR