“Bakı” braziliyalı məşqçi ilə danışıqlara başlayır

“Bakı” braziliyalı məşqçi ilə danışıqlara başlayır
# 31 may 2012 14:33 (UTC +04:00)
Bakı – APA. “Komandanın formalaşmasına baş məşqçinin adının müəyyənləşməsindən sonra başlayacağıq. Yəni, transferlər çalışdırıcının istəyilə gerçəkləşəcək”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” voleybol klubunun vitse-prezidenti Tunc Afşar deyib.

Super Liqanın bürünc mükafatçısı digər rəqiblərindən fərqli, hələlik yeni mövsüm üçün transferlərə start verməyib. Əksinə, “Çelenc Cup”ın finalına yüksələn “Bakı” 2 aparıcı voleybolçusu – hollandiyalı Quinta Stenbergen və italiyalı Rafaella Kallonini itirib.

Bu azmış kimi, paytaxtın təmsilçisi braziliyalı çalışdırıcısı - müqaviləsi başa çatan Ancello Vercesi ilə də razılığa gəlməyə bilər. Çünki onunla artıq bir neçə məşhur klub maraqlanmağa başlayıb.

Afşarın sözlərinə görə, Ancello ilə yenidən danışıqlara start verə bilərlər: “Hələ baş məşqçi məsələsi açıq qalır. Lakin Vercesi yenidən komandanı çalışdıra bilər. Düzdür, onunla hələ söhbətimiz olmayıb. Mən Türkiyədəyəm, Bakıya qayıtdıqdan sonra braziliyalı mütəxəssislə danışıqlar aparmağı planlaşdırırıq. Yəni o, postunda qala da bilər, qalmaya da”.

Vitse-prezident transferlərdən də danışıb. O bildirib ki, tezliklə heyətlə bağlı məsələlər də həllini tapacaq: “Bizim ötən ilki voleybolçuları saxlamaq fikrimiz var. 2 nəfər komandamızla yolunu ayırıb. Digərlərinin də müqavilələri bitsə də, qalıb-qalmayacağı dəqiqləşməyib”.

Afşar həyat yoldaşı, İtaliyada legioner həyatı yaşayan və son mövsümü “Bakı”da keçirən Natəvan Qasımovanın da gələcək karyerası ilə bağlı son qərarı vermədiyini deyib: “Onun da gələcək klubu Bakıya qayıtdıqdan sonra bilinəcək”.

Qeyd edək ki, “Bakı” 2012/2013 mövsümündə tarixində ilk dəfə CEV kubokunda mübarizə aparacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR