"BP-Azerbaijan"a yeni azərbaycanlı vitse-prezidenti təyin edilib

"BP-Azerbaijan"a yeni azərbaycanlı vitse-prezidenti təyin edilib
# 29 mart 2016 15:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. BP şirkətinin hazırda “Çıraq” və “Dərinsulu Günəşli” sahəsi üzrə əməliyyatlar meneceri olan Orxan Quliyev bu ilin iyunun 15-dən "BP-Azərbaijan" şirkətin texniki təhlükəsizlik və əməliyyat riski üzrə vitse-prezidenti təyin olunur.


“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, bu yeni vəzifədə O. Quliyev BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə rəhbər qrupunun üzvü olmaqla regional əməliyyat risklərinə müstəqil baxış və risklərə qarşı baryerlərin gücünü təsdiq edən əminlik fəaliyyətinin icrasına cavabdeh olacaq.



Bu vəzifədə O. Quliyev BP-də 37 illik xidmətdən sonra təqaüdə çıxan indiki vitse-prezident Robert Uottu əvəz edəcək ki, bu da BP-nin kadrların milliləşdirilməsi planına uyğundur. BP-də çalışdığı 20 ildən artıq bir müddət ərzində Orxan Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əməliyyatlar və iri layihələr sahəsində dərin təcrübə qazanıb.

Bundan əvvəl O. Quliyev dənizdə əməliyyatlar üzrə qrup rəhbəri və platforma meneceri kimi yüksək texniki bilik və məsuliyyət tələb edən vəzifələrdə çalışıb. Daha öncə isə o, Bakı-Tbilisi-Ceyhan, Cənubi Qafqaz Boru Kəməri və Azəri-Çıraq-Günəşli layihələrində layihə mühəndisi və layihə meneceri kimi işləyib, həmçinin BP-nin Birləşmiş Krallıqdakı mühəndis-layihə idarələrində müxtəlif vəzifələr tutub.

O. Quliyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin inşaat mühəndisliyi üzrə magistraturasını bitirdikdən sonra Azərbaycan Neft Akademiyasında qaz axınının dinamikası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, həmçinin digər ixtisaslar üzrə qərb universitetlərində də təhsil almışdır - onun Böyük Britaniyanın Henli Kollecindən neft və qaz sənayesi idarəçiliyi üzrə diplomu var və 2014-cü ildə ABŞ-ın Boston şəhərində yerləşən Massaçusets Texnologiya İnstitutunun Əməliyyatlar Akademiyasını bitirib. O. Quliyev neft və qaz sənayesinin inkişafına töhfəsinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalına layiq görülüb.

Evlidir, iki övladı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR