Natiq Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi ilə görüşüb

Natiq Əliyev Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi ilə görüşüb
# 03 iyun 2016 12:59 (UTC +04:00)

Bakı - APA-Economics. XXIII Beynəlxalq "Xəzər Neft və Qaz 2016" sərgisində iştirak etmək məqsədilə Bakıda səfərdə olan Böyük Britaniya baş nazirinin ticarət üzrə elçisi xanım Baronessa Nikolsonla energetika naziri Natiq Əliyev arasında görüş keçirilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Böyük Britaniya - Azərbaycan əlaqələrinin uzun tarixə malik olduğunu deyən N. Əliyev tərəfdaşlıq münasibətlərini nümunə kimi qiymətləndirib. Nazir iki ölkə arasında münasibətlərin inkişafında, xüsusilə də enerji sahəsində əməkdaşlıqda BP şirkətinin 20 ildən artıq bir müddətdə Azərbaycanda neft və qaz sənayesinin inkişafına verdiyi töhfələrin, Xəzər regionunda nəhəng hasilat və nəqletmə sisteminin yaradılmasında, yeni texnologiyaların regiona gətirilməsində xidmətlərinin mühüm rol oynadığını vurğulayıb.

Baronessa Nikolson isə ölkəsinin Azərbaycanın vacib tərəfdaşı olmasından məmnunluğunu ifadə edərək, Avropanın enerji təchizatının şaxələndirilməsi istiqamətində həyata keçirilən irimiqyaslı layihələrin əhəmiyyətindən danışıb. İki ölkə arasında əməkdaşlığın inkişafı üçün enerji sektoru ilə yanaşı, turizm, maliyyə, bank, kənd təsərrüfatı kimi sahələrdə də geniş imkanların olduğunu diqqətə çatdırıb. O, həmçinin qlobal enerji siyasətində müşahidə edilən dəyişikliklər kontekstində Xəzər regionu ölkələrinin gələcəyə hədəflənmiş prioritetləri ilə də maraqlanıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR