Naxçıvanda tələbələr yay aylarında mövsümi işlərə göndəriləcəklər

Naxçıvanda tələbələr yay aylarında mövsümi işlərə göndəriləcəklər
# 11 yanvar 2016 23:50 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvanda tətil günlərində işləmək istəyən tələbələr hər il iyul-avqust aylarında mövsümi işlərə göndəriləcək.

APA-nın məlumatına grə, bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda əksini tapıb.

Tələbələrin mövsümi işlərə göndərilməsi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin ediləcək. Naxçıvan Muxtar Respublikasının - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, rayon (şəhər) icra hakimiyyətləri mütəmadi olaraq iş axtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə sosial əhəmiyyətli haqqı ödənilən ictimai işlər də təşkil edəcəklər. Paralel olaraq kənd xidmət mərkəzlərində fəaliyyət göstərən bərbərxana, qadın gözəllik salonu və dərzi sexləri müvafiq kadrlarla təmin ediləcək.

Proqramda sosial müdafiəyə xüsusi ehtiyacı olanlar da diqqət mərkəzindədir. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, rayon (şəhər) icra hakimiyyətləri mütəmadi olaraq dövlət və özəl müəssisələrdə sosial müdafiəyə xüsusi ehtiyacı olanların (sağlamlıq imkanları məhdud şəxslər, bu kateqoriyadan olan uşaqları tərbiyə edən valideynlər, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər, şəhid ailələri və sair) və işə düzəlməkdə çətinlik çəkənlərin işlə təmin olunması üçün kvota ayıracaqlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi aztəminatlı ailələrin, sosial qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud şəxslərin özünü məşğulluqlarının təmin edilməsi məqsədilə güzəştli şərtlərlə kiçik həcmli kreditlərin verilməsi və sosial layihələrin həyata keçirilməsini təmin edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR